2017-12-22
İƏT-in qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərindəki mənzil-qərargahında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib.

“Ekspo 2025” Bakı Əməliyyat Katibliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, təşkilatın katibliyinin yüksək vəzifəli rəsmiləri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasında inkişaf edən sıx münasibətlər barədə danışıb. Səfir çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında məlumat verib.

Əsas təqdimatla çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyi 2017-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Beynəlxalq Sərgilər Bürosuna müvafiq məktubun göndərilməsi ilə irəli sürülüb.

Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisi ilə bağlı qısa müddət bundan əvvəl Azərbaycanın maliyyə naziri Samir Şərifovun sədrliyi ilə işçi qrupun, Bakıda və Parisdə əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O, Azərbaycanın “Ekspo 2025” üçün təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyi, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Qeyd edib ki, “Ekspo 2025” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi üçün universal platforma rolunu oynayacaq. “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının, təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. “Ekspo 2025” Ümumdünya Sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT-ə üzv dövlətlərin nümayəndələrinə müraciət edərək onları ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov İƏT-in baş katibinin müavini Hameed A.Opeloyeru ilə görüşüb, “Bakı Ekspo 2025” layihəsinə dair fikir mübadiləsi aparıb.

növbəti xəbər əvvəlki xəbər