2019-08-30
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi görüşlər keçirməklə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunur.

Daha sonra Şeyxülislam Məkkənin məşhur astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və astrofizik muzeylə tanış olub.

Səudiyyə Ərəbistanının dövlət KİV-ləri Şeyxülislam Allahşükür Paşazadənin səfərini işıqlandıraraq, bu cür əhəmiyyətli səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına və müsəlman dünyasına böyük töhfələr verdiyini bildirib.

Ziyarət zamanı Kral sarayının müşaviri, Səudiyyə Ərəbistanının Böyük Alimlər Şurasının üzvü Şeyx Səd Nasir əş-Şisri Şeyxülislam Allahşükür Paşazadəni müşayiət edib.

növbəti xəbər əvvəlki xəbər