2016-05-27
Ər-Riyad şəhərində 28 may - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilmişdir

2016-cı ilin 26 may tarixində Ər-Riyad şəhərində Diplomatik şəhərcikdə yerləşən “Tuveq” Sarayında ölkəmizin 28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən təntənəli tədbir keçirilmişdir.

Bununla əlaqədar Sarayın böyük zalında Azərbaycanın ən məşhur yerlərini, təbiətini, köhnə Bakını, Bakı gecələrini və cari ilin 05-07 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini əks etdirən foto stendlər quraşdırılmış, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünə məxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan iqtisadi nailiyyətlər barədə sənədli filmlər nümayiş etdirilmişdir.

Həmçinin, tədbir iştirakçıları xüsusi yaradılmış guşədə ölkəmizə dair ərəb və ingilis dillərində nəşr olunmuş “İRS-Heritage” və “Azərbaycan xalçaları” adlı jurnallar, Azərbaycan və Qarabağın xəritələri, eləcədə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı Soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitabçalar ilə tanış olmuşlar.

Tədbirə yüksək qonaq qismində Ər-Riyad vilayətinin Qubernatoru, Şahzadə Fəisəl bin Bəndər bin Əbdüləziz, SƏK XİN-in Protokol idarəsinin rəisi Əzzam bin Abdulkarim Al-Qeyin, SƏK XİN-in Protokol idarəsinin rəisinin katibi Fahd Al Buşri, sabiq XİN müavini Səfir Ələddin Əl-Əskəri və digər yüksək rütbəli məmurları, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların və Beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, SƏK-də yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak etmişlər. SƏK Xarici İşlər Naziri Abel Al-Jubeir adından Respublika Günü münasibətilə tədbirə çələng göndərilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra Səfir R.Rzayev və Ər-Riyad vilayətinin Qubernatoru Şahzadə Fəisəl bin Bəndər bin Əbdüləziz xüsusi olaraq hazırlanmış və üzərində Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının milli bayraqlarını əks etdirən tortu kəsmişlər.

Tədbiri giriş sözü ilə açan Səfir Rasim Rzayev çıxış edərkən, 98 il öncə Şərqdə qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən söhbət açmış, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurlar, dövlət quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar və cari ilin 05-07 aprel tarixlərində SƏK-ə rəsmi səfəri haqqında geniş məlumat vermişdir.

Həmçinin, R.Rzayev öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat vermiş, beynəlxalq təşkilatlar çərçivəsində SƏK rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləndiyini, münaqişə ilə bağlı SƏK tutduğu prinsipial mövqeyini, ölkəmizin 20 faiz ərazisinin işğal olunduğunu və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını xüsusi ilə qeyd etmişdir.

Daha sonra tədbir iştirakçılarına ziyafət verilmişdir.

Tədbir SƏK KİV-də işıqlandırılmışdır.

http://www.al-jazirah.com/2016/20160527/ln93.htm

http://www.spa.gov.sa/viewstory.php?lang=en&newsid=1504638

http://www.spa.gov.sa/viewstory.php?lang=ar&newsid=1504623

http://www.alriyadh.com/1506472

növbəti xəbər əvvəlki xəbər

 
bakushop