2016-12-19
“Əl-Cəzira” qəzetində ümummilli lider Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

Səudiyyə Ərəbistanı Krallığının çoxtirajlı “Əl-Cəzira” qəzetində “Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anır” adlı məqalə dərc olunub.

Qəzetin elektron versiyasında da yerləşdirilən məqalədə Ümummilli Liderin çoxşaxəli dövlətçilik fəaliyyəti, o cümlədən zəngin bioqrafiyası barədə ərəbdilli oxuculara ətraflı məlumat verilir. Qeyd olunur ki, ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra ölkədə əsaslı inkişaf mərhələsi başlanıb. Yüksək intellekti, yorulmaz fəaliyyəti, işgüzarlığı, faydalı qərarları ilə keçmiş SSRİ-də böyük rəğbət qazanan Heydər Əliyev sovetlər birliyinin ali hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışıb.

Diqqətə çatdırılır ki, 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədəki mövcud hakimiyyətin bütün ağırlığını öz çiyninə götürür və qısa zaman kəsiyində xalqın həmrəyliyinə nail olur. Ölkəni siyasi və iqtisadi böhrandan xilas edir və gələcək inkişaf strategiyasını müəyyənləşdirir.

Oxuculara məlumat verilir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun və mövqelərinin möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daim ölkənin tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından mətinliklə üzüağ çıxara bilib. Dünya şöhrətli dahi şəxsiyyətin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın rifahının yüksəlməsinə nail olunub.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop