2017-01-18
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar B Ə Y A N A T I

1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 27 il keçir. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində 1988-ci ildən başlayaraq güclənən erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən verilən dəstək və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatları tədricən respublikamızın tabeliyindən çıxarılmış, azərbaycanlılar Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilmiş, soydaşlarımız ağır işgəncələrə, zorakılıqlara məruz qalmış və bu hadisələr xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki sovet hökumətinin göstərişi ilə, xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.

Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmiş, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləboran etmiş, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulmuşdur.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, yaralılar yerindəcə güllələnmiş, ağır hərbi texnikanın tırtılları altına salınmışlar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv etmişlər.

Qeyd olunmalıdır ki, qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdır.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. 

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə faciə ilə bağlı ən ciddi və sərt bəyanatı Azərbaycan xalqı adından Ümummilli liderimiz Heydər Əliyev səsləndirmiş və 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Həmin bəyanatda bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi.

Qeyd edilməlidir ki, bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnmişdir.

1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etmiş və bu gün respublikamızda hər il qeyd olunur. 

Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarında uyuyur, xalqımız həlak olmuş oğul və qızlarının milli-azadlıq mübarizəsini yüksək dəyərləndirərək daim onların məzarlarını ehtiramla yad edir.

Həmin qanlı hadisələr zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə müvafiq müavinət, həmçinin şəhid ailələrinə Prezident təqaüdü verilir. 

Sovet dövləti beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bir milyon soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir.

Eyni zamanda 2 aprel 2016-cı il tarixdən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalimizin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulmuşdur. Bu hallar ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq tribunalardan bəyan edir.

Hər il olduğu kimi, bu günlərdə də müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmiş və icra olunmaqdadır.

Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, aprel döyüşləri, habelə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilmiş, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara göndərilmişdir.

Yuxarıda qeyd olunanları rəhbər tutaraq, 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər mövcuddur. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar vardır.

Göstərilənlərə əsasən ümid edirik ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaqlar.

  

Elmira Süleymanova

            Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

                                                          

12 yanvar 2017-ci il 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop