2017-02-28
“Əl-Cəzirə” qəzetində dərc olunmuş məqalədə Xocalı həqiqətlərindən bəhs edilir

Səudiyyə Ərəbistanı Krallığının “Əl-Cəzirə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etməsi, burada yaşayan mülki əhalini amansızlıqla qətlə yetirməsi barədə ətraflı məlumat verilir. Bu vəhşilik Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək yolunda hər cür hərəkətlərə hazır olduğunu sübut etdi. Məqalədə erməni təcavüzkarlarının Xocalıda törətdikləri bu kütləvi qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin öldürüldüyü, 1275 dinc sakinin əsir götürüldüyü ərəbdilli oxucuların diqqətinə çatdırılır.

Müəllif Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti kimi tanınmasının, qətliama beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin, bu cinayətin təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırılmasının vacibliyini vurğulayır.

Məqalədə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən insanlığa qarşı cinayət kimi tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasından da bəhs olunur.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop