2017-03-04
Bəhreyn xarici işlər naziri: Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib

Azərbaycanın Bəhreyndəki səfiri Rasim Rzayevin bu ölkənin xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Bəhreynin xarici işlər naziri Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, ölkəmizin gündən-günə inkişaf etdiyini və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildiyini vurğulayıb. Bəhreynin Azərbaycanın uğurlarını yaxından izlədiyini bildirib. Nazir yaxın zamanlarda ölkəmizə yenidən səfər etmək arzusunda olduğunu ifadə edib.

Səfir R.Rzayev Bəhreynin xarici işlər nazirini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumatlandırıb. Diplomat Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə, Bəhreyn Krallığının rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasında, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub. Bəhreynli turistlərin Azərbaycana böyük maraq göstərdiyi vurğulanıb, turizm sahəsində əlaqələrin inkişafı, habelə Bəhreynin Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirməsi və iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlərə toxunulub. Ölkələrimizin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop