2017-03-15
Ciddə şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahında ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin təşkilatçılığı və İƏT Baş katibliyinin dəstəyi ilə anma mərasimi təşkil olub.

Tədbirdə İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymin, Baş katibin siyasi, iqtisadi, elm və texnologiya və Fələstin məsələləri üzrə 4 müavini, Katibliyin müxtəlif idarələrinin baş direktor və direktorları, Beynəlxalq İslam İnformasiya Agentliyinin Baş direktoru, İslam İnkişaf Bankının rəsmi nümayəndəsi, bir sıra ölkələrin Ciddədəki baş konsulları, Türkiyə, İran, Əfqanıstan və Pakistanın İƏT yanında daimi nümayəndələri, habelə diaspora üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Səfirliyinin İƏT yanındakı ofisi tərəfindən Qarabağın tarixi, ermənilərin bu torpaqlarda məskunlaşdırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların, xüsusi ilə də BMT TŞ-nin qətnamələri barədə təqdimat nümayiş olunub.

Sonra Azərbaycanın SƏK-dəki səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev çıxış edərək İƏT Baş katibinə tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib, Xocalı soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandıraraq qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın bu şəhərini mühasirəyə alaraq, yerli sakinləri yalnız azərbaycanlı olduqları üçün kütləvi qırğına məruz qoyublar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin əsir götürüldüyü diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı inanılmaz vəhşiliklərin törədildiyi, öldürülən insanların bəzilərinin dərilərinin soyulduğu, başlarının kəsildiyi, cansız bədənlərin isə eybəcər hala salındığını söyləyən səfir, habelə Xocalı soyqırımından sonra Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq işğalçı siyasətlərini davam etdirdiyi, müstəqil Azərbaycanın 20 faiz ərazisini zəbt etdiyini və nəticədə 1 milyondan çox insanın qaçqın və məcburi köçkün halına düşdüyünü  qeyd etmişdir.

2008-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlərin Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiyini vurğulayıb, İslam ölkələri dövlət başçılarının 2013-cü ildə Qahirədə keçirilmiş 12-ci Sammitində Xocalıda törədilənlərin  soyqırımı aktı və insanlığa qarşı cinayət kimi qiymətləndirən yekun bəyannaməsinin 117-ci bəndinin müddəalarını üzv ölkələrin bir daha diqqətinə çatdırıb.

Daha sonra İƏT Baş katibi çıxış edərək Xocalıda həlak olanların xatirəsini dərin hüznlə anaraq Azərbaycan xalqına İƏT və İslam dünyası adından başsağlığı verib. Təşkilatın istər sammit, istərsə də XİN Şurası tərəfindən qəbul edilən qərarlarında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pisləndiyini vurğulayan Yusif Əl-Useymin münaqişənin həllində Təşkilatın mövqeyinin dəyişməz olduğunu və hər zaman Azərbaycan xalqı və dövlətinin yanında olduğunu ifadə edib. Xocalı soyqırımını insanlığa qarşı ağır cinayət adlandıran Baş katib gec-tez günahkarların beynəlxalq səviyyədə cəzalandırılacağına umid etdiyini bildirib.

Sonra Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi səfir Saleh Mutlu Şən çıxış edərək ölkəsinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı Soyqırımı barədə mövqeyini ifadə edib.

Sonra erməni yazıçısı Zori Balayanın ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə etirafları, habelə britaniyalı tədqiqatçı Tomas De Valın Serj Sarkisyanla məşhur müsahibəsi və sonuncunun Xocalı faciəsi haqqında söylədikləri fikirlər barədə tədbir iştirakçılarına müfəssəl məlumatlar çatdırılıb.

 Bundan sonra soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən çəkilən “Khojaly Genocide” adlı 10 dəqiqəlik sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi, həmçinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərdən fotoşəkillərdən ibarət sərgi ilə tanışlıq olub.

Sonra Xocalıda həlak olan günahsız insanların əziz xatirəsinə ehsan süfrəsi açılıb.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop