2017-12-12
“Əl-Cəzirə” qəzeti: Heydər Əliyev Azərbaycanı siyasi və iqtisadi böhrandan xilas edib

Səudiyyə Ərəbistanı Krallığının çoxtirajlı “Əl-Cəzirə” qəzetində “Müasir Azərbaycanın qurucusunun vəfatından 14 il keçir” adlı məqalə dərc olunub.

Məqalədə ümummilli lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti, o cümlədən zəngin bioqrafiyası barədə ərəbdilli oxuculara ətraflı məlumat verilir. Qeyd olunur ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra ölkədə əsaslı inkişaf mərhələsi başlanıb. Yüksək intellekti, yorulmaz fəaliyyəti, işgüzarlığı, faydalı qərarları ilə keçmiş SSRİ-də böyük rəğbət qazanan Heydər Əliyev sovetlər birliyinin ali hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışıb.

Diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev ölkədəki mövcud hakimiyyətin bütün ağırlığını öz çiyninə götürüb və qısa zaman kəsiyində xalqın həmrəyliyinə nail olub. Ölkəni siyasi və iqtisadi böhrandan xilas edib və gələcək inkişaf strategiyasını müəyyənləşdirib.

Oxuculara məlumat verilir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev Səudiyyə Ərəbistanında səfərdə olub, Kəbəyə Ümrə ziyarəti edib. Səfər zamanı İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyib. Bundan əlavə, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb.

2003-cü ildə 80 yaşında vəfat etmiş Heydər Əliyevin qurub yaratdığı Azərbaycan keçmiş sovet respublikaları arasında ən güclü ölkələrdən birinə çevrilib. Heydər Əliyevin vəfatından 14 il keçməsinə baxmayaraq, onun əməlləri xalqın yaddaşında qalacaq və Azərbaycan xalqı Ümummilli Liderin xatirəsini həmişə uca və əziz tutacaq.

növbəti xəbər əvvəlki xəbər