2018-01-20
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda yad olunub

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Rasim Rzayev 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Diplomat bu faciənin bəşəriyyətə qarşı cinayət olduğunu bildirərək deyib ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin cinayətkar sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Bu faciəli günlərdə şəhid olan və yaralananlar arasında azyaşlı uşaqların və qadınlar da vardı, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilmişdi.

Rasim Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırladıb, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqətin göstərilməsinin əhəmiyyətindən söhbət açıb və 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib.

Sonra səfirliyin əməkdaşları – müşaviri Ramil İmranov, ikinci katibi Elvin Xəlilli və üçüncü katibi İmran Sadıxov, Səudiyyə Ərəbistanında yaşayan həmvətənimiz İfrat Bəkirov 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda diqqətə çatdırılıb ki, haqq işi uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı böyük bir mətanətlə sovet tanklarının qarşısına çıxaraq milli iradəsini ortaya qoyub. Qədirbilən Azərbaycan xalqı öz canlarından keçən qəhrəman övladlarının əziz xatirəsini həmişə uca tutacaq.

Rəsmi hissədən sonra iştirakçılar Qanlı Yanvarın dəhşətlərini təsvir edən fotomateriallarla tanış olublar.

növbəti xəbər əvvəlki xəbər