2018-02-24
“Ər-Riyad” qəzeti Xocalı soyqırımı ilə bağlı məqalə yayıb

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığında nəşr olunan nüfuzlu “Ər-Riyad” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc olunub.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlılarının keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etməsi, burada yaşayan mülki əhalini amansızlıqla qətlə yetirməsi, beləliklə, Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər cür əmələ hazır olduğu vurğulanır. Erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı zamanı 613 nəfərin, o cümlədən 63 uşağın, 106 qadının və 70 qocanın xüsusi qəddarlıqla öldürülməsi və 1275 nəfərin əsir götürülməsi barədə məlumatlar ərəbdilli oxucuların diqqətinə çatdırılır.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, ancaq bu sənədlər təcavüzkar ölkə tərəfindən yerinə yetirilmir.

Müəllif yazır: “Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaal ilə müsahibəsində bildirib ki, Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Səfir Ş.Abdullayev Xocalı soyqırımı haqqında həqiqətlərin bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırılmasının, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti kimi tanınmasına nail olunmasının, beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymət verilməsinin, bu cinayətin təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırılmasının, insanlığa qarşı yönəlmiş bu cür qəddar hərəkətlərin gələcəkdə də təkrar olunmamasının vacibliyini vurğulayır.

növbəti xəbər əvvəlki xəbər