2018-03-31
Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzeti 1918-ci il azərbaycanlıların soyqırımından yazır

Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzetində səfir Şahin Abdullayevin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın tarixi ərazilərinin bölündüyü, ermənilərin Azərbaycan torpaqlarında öz dövlətlərini qurmaq xülyasına düşdükləri, 1905-1907-ci illərdə ilk dəfə olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirdikləri diqqətə çatdırılır. Birinci Dünya müharibəsindən sonra ermənilərin Azərbaycan ərazilərinə iddialarının daha da artdığı qeyd olunur, onların fürsətdən istifadə edərək bolşevizm pərdəsi altında öz ideologiyasını yaymağa cəhd göstərdikləri bildirilir.

Qeyd edilir ki, azərbaycanlılara qarşı törədilmiş qətliamın araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradılmışdı. İlkin mərhələdə komissiya 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı Şamaxıda, İrəvanda və digər bölgələrdə törədilmiş vəhşiliklərin araşdırılmasına başlamışdı. Bundan başqa, həmin vaxt Xarici İşlər Nazirliyinin nəzdində erməni vəhşiliklərinin tanıdılması üçün xüsusi idarə fəaliyyətə başlamışdı.

Səfir yazır ki, 1980-ci illərin sonlarından Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək çoxsaylı hərbi cinayətlər, eləcə də 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib.

Vurğulanır ki, XIX və XX əsrlərdə törədilmiş bu qətliamlar ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu sənədlər təcavüzkar ölkə tərəfindən bu günədək yerinə yetirilməyib.

növbəti xəbər əvvəlki xəbər