2018-05-03
“OIC Journal”da Bakının “Ekspo 2025”ə namizədliyi ilə bağlı məqalə dərc edilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) rüblük dərgisi olan “OIC Journal”ın 2018-ci ilin yanvar-aprel dövrü üçün çapdan çıxmış növbəti 39-cu sayında Bakının “Ekspo 2025”ə namizədliyi ilə bağlı “Azərbaycan: İslam həmrəyliyinin fəal havadarı və müsəlman dünyasının “Ekspo 2025”ə namizədi” başlıqlı geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, jurnalda, həmçinin aprelin 11-də ölkəmizdə prezident seçkilərinin uğurlu keçməsindən və İƏT-in baş katibinin Azərbaycan xalqına və seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubundan bəhs edən xəbər də öz əksini tapıb.

Eyni zamanda, Təşkilatın rəsmi dərgisində İƏT baş katibinin ilk dəfə olaraq, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər olması ilə yanaşı, soyqırımı olmasını əks etdirən bəyanatı da tam işıqlandırılıb.

Jurnalda, həmçinin cari ilin mart ayında ölkəmizin İƏT yanında yeni təyin edilmiş daimi nümayəndəsi səfir Şahin Abdullayevin İƏT baş katibi Yusif bin Əhməd Əl-Useyminlə ikitərəfli görüşü haqqında yazı da yerləşdirilib.

Sözügedən jurnal İƏT-in Xarici İşlər Nazirləri Şurasının cari il mayın 5-6-da Dəkkədə keçiriləcək 45-ci sessiyası zamanı nümayəndə heyətlərinin rəhbərlərinə təqdim ediləcək.

növbəti xəbər əvvəlki xəbər