2018-05-11
Ər-Riyadda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin əməkdaşları, türk diasporunun nümayəndələri və ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev ulu öndər Heydər Əliyevin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında dahi şəxsiyyətin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşması Ümummilli Liderin əzmkar fəaliyyətinin nəticəsidir.

Tədbirdə çıxış edən həmvətənlərimiz müstəqil Azərbaycanın qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan azərbaycanlılara böyük qayğı ilə yanaşmasından və onların problemlərini hər zaman diqqət mərkəzində saxlamasından söz açaraq, dünyada Azərbaycan diasporunun gücləndirilməsi və inkişaf etdirilməsi sahəsində Ümummilli Liderin fəaliyyətini xüsusi vurğulayıblar. Dövlət quruculuğunun bütün sahələrində Ulu Öndərin uzaqgörən siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.

Daha sonra tədbir iştirakçıları “Heydər Əliyev – dahi şəxsiyyət” adlı sənədli filmə baxıblar.

növbəti xəbər əvvəlki xəbər