2018-10-31
İƏT-in mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mənzil-qərargahında tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə İƏT-in baş katibi Yusif bin Əhməd Əl-Useymin, baş katibin siyasi, iqtisadi, elm və texnologiya və Fələstin məsələləri üzrə müavinləri, katibliyin rəsmiləri, bir sıra ölkələrin səfirləri, İƏT yanında akkreditə olunmuş daimi nümayəndələri və Ciddədəki baş konsulları, İslam İnkişaf Bankının rəsmi nümayəndələri, İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) baş direktoru, habelə diaspor üzvləri iştirak ediblər.

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Şahin Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqların, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərindən əvvəl verildiyini bildirib. Müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, bir çox uğurlara imza atdığını diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan münaqişəsinə də toxunaraq, Azərbaycanın 20 faiz torpaqlarının hələ də işğal altında qaldığını, bunun nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiyini, Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədləri yerinə yetirmədiyini bildirib.

Ş.Abdullayev müstəqilliyinin bərpasından ötən 27 il ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışıb. Azərbaycanda siyasi, iqtisadi islahatların aparıldığını, sabit siyasi vəziyyətin yarandığını və investisiyalar üçün münasib mühitin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın təşəbbüsü ilə TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrin reallaşdırıldığını, o cümlədən ölkəmizin beynəlxalq mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunan forumlara ev sahibliyi etdiyini xüsusi vurğulayıb.

Azərbaycan-İƏT münasibətlərinə toxunan səfir təşkilatın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib, təşkilatın gələcəkdə də bu sahədə fəaliyyətini davam etdirəcəyinə əminliyini ifadə edib.

Səfir Azərbaycanın Ümumdünya “Ekspo-2025” sərgisinə ev sahibliyi etməsi ilə bağlı Bakının namizədliyinin dəstəklənməsi üçün İƏT-in qəbul etdiyi qərara görə təşəkkürünü bildirib, üzv dövlətləri cari ilin noyabr ayında keçiriləcək seçkilər zamanı namizədliyimizi dəstəkləməyə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useymin çıxış edərək Azərbaycanın İƏT-in vacib üzvü olduğunu vurğulayıb. O, İslam həmrəyliyi işinin möhkəmlənməsinə böyük töhfələr verən Azərbaycanla üzv ölkələrin həmrəy olduğunu, İƏT-in 1992-ci ildən Azərbaycanı Dağlıq Qarabağ məsələsində davamlı olaraq dəstəklədiyini, münaqişənin sülh yolu ilə həllinə çağırdığını, bu problemin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycanın regional və beynəlxalq səylərinə İƏT-in tam dəstəyini bir daha ifadə edib. Təşkilatın təkcə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə kifayətlənmədiyini vurğulayan Y.Əl-Useymin, həmçinin işğalçı dövlətin Azərbaycan ərazilərinin böyük bir hissəsini azad etməməsini qanunsuz hərəkət adlandıraraq, üzv ölkələrin aidiyyəti qurumlardan BMT TŞ-nin məsələ ilə bağlı qətnamələrinin icrasını və Ermənistandan işğal etdiyi əraziləri tam və qeyd-şərtsiz boşaltmağı tələb ediblər. Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın düşmüş bir milyondan çox azərbaycanlının üzləşdiyi çətinliklərə də toxunan baş katib İƏT-in Ermənistanın qoşunların təmas xəttində atəşkəsi pozmasına dair aylıq məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması və dünya ictimaiyyətinin Ermənistanın təcavüzü ilə bağlı məlumatlandırılması istiqamətində Azərbaycan tərəfinin artıq bir neçə müddət apardığı informasiya kampaniyasını alqışladığını qeyd edib. O, Dağlıq Qarabağ üzrə Təmas Qrupunun Nyu-Yorkda keçirilmiş iclasında və bütün toplantılarda bu problemin həllinin və İƏT-in müvafiq qərarlarının icrasının vacibliyinin təşkilat tərəfindən dəfələrlə vurğulandığını diqqətə çatdırıb. Baş katib üzv ölkələri birgə səy göstərərək Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Azərbaycan torpaqlarının işğalına son qoymağa və işğal olunmuş ərazilərdən çəkilməyə məcbur edəcəyinə böyük ümid bəslədiyini vurğulayıb.

Baş katib qısa müddət ərzində Azərbaycana etdiyi üç səfər haqqında təəssüratlarını da bölüşüb. O, tədbir iştirakçılarını ölkəmizə səfər etməyə çağırıb. Azərbaycanın multikulturalizm və dinlərarası dialoq mərkəzi olduğunu deyən Y.Əl-Useymin ölkəmizdə bütün dinlərin nümayəndələrinin bərabər, dinc şəraitdə yaşadığını söyləyib, əslində, həqiqi İslamın bunu tələb etdiyini vurğulayıb.

İƏT-in baş katibi bu əlamətdar hadisə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, bütün ölkə rəhbərliyinə təbriklərini çatdırıb, İslam ümmətinin məsələlərinə münasibətdə yürütdüyü balanslaşdırılmış xarici siyasəti, inkişafa və islahatlara hesablanmış daxili siyasət kursunu yüksək qiymətləndirdiyini ifadə edib.

Sonda tədbir iştirakçılarının şərəfinə səfirlik tərəfindən ziyafət verilib. Ziyafətdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsini, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər