2019-03-05
Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə tarixi köklərə malik, dostluğa əsaslanan ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisiyaların cəlbi ilə bağlı məsələlər müzakirə olunub.

P.Şahbazov Səudiyyə Ərəbistanı ilə OPEC+ çərçivəsində, eləcə də ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi, ölkənin neft-qaz, bərpaolunan enerji sahələrində mövcud vəziyyət, planlaşdırılan layihələr və yeni imkanlar barədə ətraflı məlumat verib. Nazir yeni əməkdaşlıq təkliflərinin reallaşdırılması istiqamətində mühüm addım kimi iki ölkənin müvafiq nazirlikləri arasında birgə Texniki Komissiyanın fəaliyyətini qeyd edib.

İbrahim bin Əbdülrəhman əl-Ömər isə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla kənd təsərrüfatı, turizm, nəqliyyatla yanaşı, enerji sektorunda əməkdaşlığı genişləndirməkdə və investisiya qoymaqda maraqlıdır. Bunun üçün “Yol Xəritəsi” tərtib olunmalı və şirkətlərin qarşılıqlı fəaliyyəti təmin edilməlidir.

Görüşdə neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı, eləcə də bərpaolunan enerji üzrə “ACWA Power” şirkəti ilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər