2019-04-26
“Əş-Şərq Əl-Ausat” qəzeti Azərbaycanın turizm imkanlarından yazıb

Ərəb mətbuatının nüfuzlu nəşrlərindən olan və Londonda çap edilən Səudiyyə Ərəbistanının “Əş-Şərq Əl-Ausat” qəzetində “Qafqazın incisi Azərbaycanda təcrübədən keçirməyi təklif edəcəyimiz 10 fəaliyyət” sərlövhəli geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda dünyada mövcud olan 800 palçıq vulkanından 350-yə yaxınının Azərbaycanda yerləşdiyi, ölkəmizin Yaxın Şərq regionundan o qədər də uzaq olmadığı bildirilir. Azərbaycanın təyyarə ilə 3-4 saatlıq məsafədə olduğu, buna baxmayaraq ölkəmizə gələn turistlərin tamamən fərqli bir aləmə düşdüyü oxucuların diqqətinə çatdırılır. Onlara Azərbaycanda görəbiləcəkləri 10 yer haqqında geniş məlumat verilir.

Məqalədə Qobustan qayaüstü rəsmləri, Qərb üslublu şərq şəhəri olan Bakı, Şəki Xan Sarayı, “İçərişəhər Tarix-Memarlıq” Qoruğu və Qız Qalası, Atəşgah və Yanardağ, Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş Tusi Bohm Planetariumu və Meqafan Əyləncə Mərkəzi, Heydər Əliyev Mərkəzi, Qəbələ, Göygöl və Azərbaycanın ləziz mətbəxindən ətraflı söhbət açılır.

növbəti xəbər əvvəlki xəbər