2019-05-13
Ölkəmiz ISESCO-nun növbədənkənar sessiyasında təmsil olunub

Səudiyyə Ərəbistanının Məkkə regionunda ISESCO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirilib.

Tədbirin keçirilməsində məqsəd ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.

İclas zamanı Səudiyyə Ərəbistanı Krallığı tərəfindən namizədliyi irəli sürülmüş Salim bin Məhəmməd Əl-Malik (Dr. Salim bin Mohammed Al-Malik) ISESCO-nun yeni baş direktoru vəzifəsinə seçilib.

Sessiyada ölkəmizi mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev, ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə və Nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova yer alıblar.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sessiyada çıxış edən Vaqif Əliyev ISESCO-Azərbaycan münasibətlərindən daşınaraq Əbdüləziz Osman əl-Tuveycrinin təşkilatın fəaliyyətinə, xüsusilə də Azərbaycanla məhsuldar münasibətlərin formalaşmasına olan töhfəsini vurğulayıb və eyni zamanda yeni baş direktora gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan 2015-2018-ci illərdə ISESCO Baş Konfransının sədri olmuş, hazırda isə təşkilatda məruzəçi ölkə statusunu daşımaqdadır.

növbəti xəbər əvvəlki xəbər