2019-10-25
Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri inkişaf edir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Əbdülrəhman əl-Rəssi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan sıx münasibətlərin inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu mənada, iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə turizm sahəsində müşahidə edilən müsbət dinamika qeyd olunub.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030-cu il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olunmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin, eləcə də Cənub-Cənub çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət yetirib.

Qonaq Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

növbəti xəbər əvvəlki xəbər