Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfiri ACWA Power şirkətinin Təsisçisi və İdarə Heyətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev Səudiyyə Ərəbistanının aparıcı enerji və su şirkəti olan ACWA Power şirkətinin təsisçisi və İdarə Heyətinin sədri cənab Mohammed Abunayyan ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, eləcə də bərpa olunan enerji, dayanıqlı infrastruktur, su ehtiyatlarının idarə olunması və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir ACWA Power şirkətinin Azərbaycanın yaşıl enerji keçidinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirərək, şirkətin ölkəmizdə həyata keçirdiyi layihələrin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Tərəflər həmçinin Azərbaycanda bərpa olunan enerji və dəniz suyunun duzsuzlaşdırılması sahələrində həyata keçirilən layihələr, gələcək əməkdaşlıq imkanları, eləcə də iki dost ölkə arasında iqtisadi və investisiya əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə enerji təhlükəsizliyi, yaşıl inkişaf və dayanıqlı iqtisadi artımın təşviqi istiqamətində əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.