Səfir Mütəllim Mirzəyev İƏT-in Siyasi Məsələlər üzrə Baş Katibinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında Daimi Nümayəndəsi Mütəllim Mirzəyev İƏT-in Siyasi məsələlər üzrə Baş katibinin müavini, səfir Yusuf Əl-Dobey ilə Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyində görüşüb.
Görüş zamanı Azərbaycanın İƏT Zirvə Toplantısına qarşıdan gələn sədrliyinə hazırlıq məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanın sədrliyi dövründə prioritet istiqamətləri, Zirvə Toplantısına dair təşkilati və məzmun məsələlərini, eləcə də Azərbaycan ilə İƏT Baş Katibliyi arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, İslam dünyasının üzləşdiyi çağırışların aradan qaldırılmasında üzv dövlətlər arasında həmrəyliyin, dialoqun və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonda tərəflər Zirvə Toplantısının uğurla keçirilməsi və Azərbaycanın İƏT-ə sədrliyinin səmərəli həyata keçirilməsi məqsədilə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.