2020-05-13
Nüfuzlu “Əl-Cəzirə” qəzetində ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinə həsr edilmiş yazı dərc olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin təşəbbüsü ilə Krallığın nüfuzlu qəzetlərindən sayılan “Əl-Cəzirə” qəzetində səfir Şahin Abdullayevin “Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri böyük inkişaf yolu keçib” başlıqlı məqalə (elektron keçid: http://www.al-jazirah.com/2020/20200511/ln31.htm) dərc olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, yazıda Ulu Öndərin ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olduğu bildirilib, onun qısa təcümeyi-halı, Sovet hakimiyyəti illərində və müstəqillik dövründə fəaliyyətinin əsas məqamları haqqında oxuculara məlumat verilib. Qeyd olunub ki, Ulu Öndərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi tarixində mahiyyətcə yeni dövr, dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və müstəqil Azərbaycanın qurulması dövrü başlayıb. Ulu öndər Heydər Əliyev müdrik siyasəti ilə həmin çətin dövrlərdə Azərbaycanı xalqını böhrandan çıxarıb, qısa zaman ərzində dövlət institutlarını təkmilləşdirib, çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirib, hərtərəfli enerji strategiyasını reallaşdırıb və ölkənin uzunmüddətli inkişafının təməlini qoyub.

Məqalədə Ümummilli Liderin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən layihələr haqqında oxuculara geniş məlumat verilib. Bildirilib ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkə rolunu oynayır. Müəllif qərblə şərqin və şimalla cənubun qovşuğunda yerləşən Azərbaycanın təşəbbüsü ilə Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edildiyini və sonuncu layihənin fəaliyyətə başlaması ilə Çindən Avropaya və əks istiqamətdə yüklərin 14 günə kimi qısa müddətdə nəql olunmağa başlandığını diqqətə çatdırıb.

Materialda Azərbaycanın kosmik uğurlarından söz açılıb. 2013-cü ildə ilk süni peykimiz olan “Azərspace 1” telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycanın kosmik peykə malik olan 11-ci ölkə olduğu vurğulanıb, 2018-ci ilin sentyabrında üçüncü peykin orbitə çıxarılmasının ölkəmizdə kosmik sənayenin inkişafında növbəti addım olduğu qeyd edilib.

Yazıda Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri barədə oxuculara geniş məlumat verilib. Ölkələrimiz arasında əlaqələrin təməlinin ümummilli lider Heydər Əliyevin 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğu qeyd olunub. Hazırda iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləzizin böyük səyləri nəticəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının yüksək səviyyəyə çatdığı, iqtisadiyyat, ticarət, turizm, hava nəqliyyatı, enerji və digər sahələri əhatə etdiyi diqqətə çatdırılıb. 2019-cu ildə 100 min nəfərdən artıq səudiyyəli turistin Azərbaycanda olduğu vurğulanıb, Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanının bazarlarına ixracının iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən olması qeyd edilib. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin mehribanlıq və əməkdaşlıq mühitində inkişaf etdiyi bildirilib.

Həmçinin mövzuya olan oxucu marağını nəzərə alaraq, Ş.Abdullayevin qeyd olunan məqaləsi Misirin nüfuzlu “Əl-Cümhuriyyə” qəzetində və “Al-Diplomacy” portalında “Heydər Əliyev: Dünya qabaqcıllarında olan Azərbaycanın qurucusu” başlığı ilə dərc olunub.

növbəti xəbər əvvəlki xəbər