2020-05-10
Səudiyyə Ərəbistanında keçirilən videokonfransda Azərbaycanın faşizm üzərində Qələbəyə töhfələrindən danışılıb

Rusiya Federasiyasının İƏT yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş “Müsəlman ümmətinin İkinci Dünya müharibəsində Qələbəyə töhfəsi” adlı videokonfrans keçirilib.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda çıxış edən səfir Şahin Abdullayev İkinci Dünya müharibəsi zamanı faşizm üzərində Qələbəyə Azərbaycanın layiqli töhfəsindən söhbət açıb. O, ölkəmizin 600 mindən çox oğul və qızının Böyük Vətən müharibəsi cəbhələrində döyüşdüyünü və onların yarısının ümumi Qələbəmiz uğrunda canlarından keçdiyini söyləyib. Ş.Abdullayev müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini qeyd edib. Azərbaycanın bütün Sovet İttifaqını yanacaqla təmin etdiyini bildirən səfir cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxunun, benzinin 80 faizinin və motor yağlarının 90 faizinin məhz ölkəmizin payına düşdüyünü videokonfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra səfir videokonfrans iştirakçılarının diqqətini məşhur hərbi kinoxronika kadrlarına cəlb edərək, sözügedən kadrlarda Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuğun, bu oyuqda “Bakı” adlı qara rəngli maye şokoladın olduğu epizoddan danışıb. Diplomat böyük əhəmiyyət kəsb edən Azərbaycanın və Şimali Qafqazın neft yataqlarının tutulması planının faşistlərin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycanın elm nümayəndələrinin Böyük Vətən müharibəsində Qələbəyə töhfəsindən danışan Ş.Abdullayev böyük alimimiz Yusuf Məmmədəliyevin sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı mayeni ixtira etdiyini, Bakının zavodlarında gecə-gündüz məşhur “Katyuşa” raketlərinin və düşməni dəhşətə salan digər silahların istehsal edildiyini vurğulayıb. Bundan əlavə, səfir hazırkı dövrdə bəzi ölkələrdə faşistlərin qəhrəman kimi təqdim olunması və bunun xüsusilə Ermənistanda baş verməsinə toxunaraq, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəlin qoyulduğunu təəssüflə qeyd edib.

Çıxışının sonunda səfir bu konfransın dünyada koronavirus pandemiyasının yayılması dövrünə təsadüf etdiyini qeyd edərək, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirildiyini diqqətə çatdırıb.

Videokonfransın digər iştirakçıları çıxışlarında keçmiş Sovet İttifaqı ölkələrində yaşayan müsəlman xalqlarının İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində və faşizmin məhv olmasında misilsiz rolundan bəhs edib, Böyük Vətən müharibəsində rus, Azərbaycan, qazax və digər sovet xalqlarının fədakarlıq və qəhrəmanlığını vurğulayıblar.

növbəti xəbər əvvəlki xəbər