Nazir Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib. Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanının təhsil naziri Yusif bin Abdulla Al- Binyan ilə görüşərək elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. Nazir Emin Əmrullayev, həmçinin Kral Səud Universitetini ziyarət edib və universitetin prezidenti cənab Əli Masmal ilə görüşərək iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Bununla yanaşı, nazir Kral Əbdüləziz Elm və Texnologiya Şəhərciyini ziyarət edərək burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub, qurumun prezidenti cənab Munir Eldesouki ilə əməkdaşlığın mümkün istiqamətləri barədə ətraflı müzakirə aparıb.