Səudiyyə Ərəbistanı Krallığının rəsmi Səudiyyə Xəbər Agentliyində (SPA) “Azərbaycan Respublikasının səfiri Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumunda Krallığın iştirakını alqışlayıb” sərlövhəli məqalə dərc edilmişdir
12 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının rəsmi Səudiyyə Xəbər Agentliyində (SPA) “Azərbaycan Respublikasının səfiri Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumunda Krallığın iştirakını alqışlayıb” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Ümumdünya Şəhər Forumunun dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, şəhərsalma üzrə mütəxəssisləri, investorları, akademik dairələri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) beynəlxalq ictimaiyyətin üzləşdiyi şəhər problemləri, dayanıqlı şəhərsalma, iqlim davamlılığı, əlçatan mənzil təminatı, ağıllı şəhərlər, yaşıl infrastruktur, rəqəmsal transformasiya, şəhər nəqliyyatı, su ehtiyatlarının davamlılığı və inklüziv şəhər inkişafı kimi mövzular əsas diqqət mərkəzində olacaqdır. Məqalədə, həmçinin WUF13-ün Bakıda keçirilməsinin Azərbaycan üçün həm qürur, həm də məsuliyyət mənbəyi olmasına toxunularaq, tədbirin Azərbaycana olan beynəlxalq etimadın bariz nümunəsini təşkil etdiyi, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyinin daha da gücləndiyi, eyni zamanda ölkədə davam edən yenidənqurma və şəhərsalma layihələrinə də töhfə verəcəyi bildirilmişdir. Eyni zamanda, səfir Mütəllim Mirzəyev tərəfindən Səudiyyə Ərəbistanının Bakıda keçiriləcək XIII Ümumdünya Şəhər Forumunda (WUF13) iştirakının alqışlandığı qeyd olunaraq, məqalədə Səudiyyə Ərəbistanının “Vizyon–2030” strateji dövlət proqramı ilə Bakıda keçiriləcək WUF13-ün proqramının əsas istiqamətləri arasında, xüsusilə dayanıqlı şəhər inkişafı, ağıllı infrastruktur, innovasiya, ekoloji davamlılıq və həyat keyfiyyətinin yaxşılaşdırılması sahələrində güclü və təbii uyğunluğun mövcud olduğu nəzərə çatdırılmışdır.