Nüfuzlu Səudiyyə Ərəbistanı qəzeti “Al Riyadh” Azərbaycan ərazilərində münaqişədən sonrakı dövrdə mövcud olan ciddi mina çirklənməsi probleminə həsr olunmuş məqalə dərc etmişdir
20 aprel 2026-cı il tarixində nüfuzlu Səudiyyə Ərəbistanı qəzeti “Al Riyadh” Azərbaycan ərazilərində münaqişədən sonrakı dövrdə mövcud olan ciddi mina çirklənməsi probleminə həsr olunmuş məqalə dərc etmişdir. Rəsmi statistikaya görə, 44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə mina partlayışları nəticəsində ümumilikdə 421 nəfər zərər çəkmişdir. Onlardan 72 nəfər həlak olmuş, 349 nəfər isə ağır yaralanmışdır. Bu rəqəmlər mina təhlükəsinin yaratdığı humanitar problemin miqyasını və ciddiliyini açıq şəkildə nümayiş etdirir. Məqalədə vurğulanır ki, mina çirklənməsi insan həyatı üçün birbaşa təhlükə yaratmaqda davam edir və bərpa, inkişaf, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı üçün əsas maneələrdən biri olaraq qalır. Eyni zamanda, bu problemin həllində beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunur və xüsusilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda minatəmizləmə fəaliyyətinə 3 milyon ABŞ dolları məbləğində göstərdiyi maliyyə dəstəyi xüsusi vurğulanır. Bu, güclü humanitar həmrəyliyin bariz nümunəsi kimi qiymətləndirilir.