“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2026

Xocalı faciəsinin qurbanları Ər-Riyadda yad edilib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil edib. Tədbirdə diplomatlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir Mütəllim Mirzəyev çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam haqqında ətraflı məlumat verib, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.

 

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamələrə, eləcə də Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi prinsipial dəstəyə toxunulub. Daha sonra işğaldan azad olunmuş Xocalıda aparılan bərpa və quruculuq işləri, eləcə də Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirilən Xocalı Soyqırımı Memorialı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, Memorial yalnız keçmişin ağrısını yaşadan məkan deyil, həm də ədalətin və zəfərin simvoludur, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına və milli yaddaşın qorunmasına xidmət edir.

 

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib, icma nümayəndələri çıxış edərək ürək sözlərini bölüşüb və fotoqalereya ilə tanışlıq təşkil olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti