AZƏRBAYCAN - BƏHREYN KRALLIĞI

İkitərəfli münasibətlərin yaradılması:

AR ilə diplomatik əlaqələrin qurulması -06.11.1996

Azərbaycanın SƏK-dəki Səfirliyi (iqamətgahı Ər-Riyad şəhərində olmaqla) Bəhreyndə akkreditə olunmuşdur            -28.09.2002

Bəhreynin İrandakı Səfirliyi (iqamətgahı Tehran şəhərində olmaqla) Azərbaycanda akkreditə olunmuşdur

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

1) “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (4 yanvar 2006-cı il tarixində Manamada imzalanmışdır)  

2) “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bəhreyn Krallığının Müdafiə Nazirliyi arasında Müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” (10 mart 2008-ci il tarixində Manamada imzalanmışdır).

3)“Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında hərbi əlaqələrin fəallaşdırılmasını və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı” (26 dekabr 2014-cü il tarixində Manamada imzalanmışdır).  

Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

2012-ci ilin 18 noyabr tarixində Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı Şeyx Xəlifə Bin Həməd Al Xəlifənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2014-cü ilin 09 sentyabr tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rasim Rzayev etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təqdim etmişdir.

2014-cü ilin 13 dekabr tarixində Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə arasında görüş keçirilmişdir. Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

2014-cü ilin 25-27 dekabr tarixlərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində AR Müdafiə Naziri Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə və Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlər keçirmişdir.

2015-ci ilin may ayında III Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bəhreyn Krallığının mədəniyyət naziri xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifə ölkəmizə səfər etmişdir. Səfəri çərçivəsində bir sıra görüşlər keçiriən nazir ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında Azərbaycan Xalça Muzeyində toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabları və Muzeyin sertifikatı hədiyyə edilmişdir.

2015-ci ilin 23 noyabr tarixində Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbayanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə arasında görüş keçirilmişdir. Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

2016-cı ilin 20-22 yanvar tarixlərində Bəhreyn Krallığında keçiriləcək “Bəhreyn Beynəlxalq Hava Nümayişi 2016” və “Manama Hava Qüvvələri Simpoziumu”nda iştirak etmək məqsədilə Bəhreyn Hava Qüvvələri komandanı, general-mayor Hamad bin Abdullah Hamad Əl-Xəlifənın adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirova ünvanlanmış dəvətə istinadən Bəhreyn Krallığına səfər edəcək R.Tahirovun səfərinin təşkili ilə bağlı müvafiq işlər tərəfimizdən həyata keçirilmişdir.

Qeyd: Azərbaycan və Bəhreyn arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Hökumətlərarası Müştərək Komissiya fəaliyyət göstərmir.

İqtisadi əməkdaşlıq:

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında ticarət əlaqələri

(min ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

51,0

15,3

66,3

-35,7

2013

261,3

17,0

278,3

-244,3

2014

1,4

21,8

23,2

20,4

 

Mənbə: AR Dövlət Statistika Komitəsi

2014-cü ildə Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

Bəhreyn Krallığından Azərbaycan Respublikasına idxalda:

Ətirlər

Kağız və kartondan digər kisələr və çantalar

Reklam materialları, mal kataloqları, analoji məmulatlar

Azərbaycan Respublikasından Bəhreyn Krallığına ixracda:

Reaktiv mühərriklər üçün kerosin yanacağı

Azərbaycanın Bəhreyn ilə iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişafı baxımından nəzərə almaq lazımdır ki, bütün Körfəz ərəb dövlətləri, o cümlədən Bəhreyn  dünya miqyasında suveren maliyyə resurslarına və tələbkar daxili bazara malikdirlər ki, bu da mövcud demoqrafik inkişaf nəticəsində yaxın iyirmi il ərzində onun ikiqat artmasına gətirib çıxara bilər. Bu baxımdan region ölkələrinin, eləcə də Bəhreynin maliyyə resurslarının Azərbaycana cəlb edilməsi və xüsusilə kənd təsərrüfatı və qida məhsullarının 98%-i idxal edən region ölkələrinə Azərbaycanın qida məhsullarının ixracı üçün lazımınca istifadə olunmasına böyük imkanlar açır. Bu öz növbəsində Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ənənəvi bazarlardan asılılığın azaldılması deməkdir.

Xarici sərmayələr üçün Bəhreyndə əlverişli investisiya mühiti mövcuddur.  Neft-qaz, enerji, sənaye, turizm, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələri üzrə birgə müəssisələrin yaradılmasına ehtiyac var.

Respublikamızın Bəhreyn ilə münasibətlərin gücləndirilməsi potensialı və mənsub olduğumuz Yaxın Şərq regionunda bizim üçün daha faydalı ola biləcək iqtisadi inteqrasiya potensialı kifayət qədər yüksəkdir. Bu baxımdan, hazırda geo-iqtisadi inkişafın gücləndiyi bir şəraitdə Azərbaycan ilə Bəhreyn arasında münasibətlərin bütün sahələrdə gücləndirilməsi məqsədəuyğundur.

Qeyd: Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli iqtisadi sazişlər imzalanmamışdır, ticarət nümayəndəlikləri və hər iki tərəfin əsas özəl/dövlət şirkətləri mövcud deyil.

İkitərəfli əməkdaşlığın digər sahələri:

2012-ci ilin 2-3 mart tarixlərində Bakıda keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumunda Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəmməd Əbdül Qaffar iştirak etmişdir.

2015-ci ilin 14 sentyabr tarixində Bəhreynin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, eləcə də işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni istənilən hərəkəti pisləyən bəyanat vermişdir.

2015-ci ilin 12-28 iyun tarixlərində keçirilən I Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər etməyi planlaşdıran Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifənın səfəri ilə bağlı protokol məsələləri ilə bağlı bir qrup qabaqlayıcı heyətin ölkəmizə səfəri baş tutmuşdur. Sonrakı mərhələdə kralın ölkəmizə səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınmışdır.

2015-ci ilin 26-27 noyabr tarixlərində Bakıda keçirilmiş İSESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 35-ci iclasında iştirak etmək üçün Bəhreyn Krallığı Ali Təhsil Şurasının Baş katibi cənab Riad Yusif Hamzanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri baş tutmuşdur. Sözügedən səfər və ölkəmizdə keçirilən tədbirlə bağlı Bəhreyn mətbuatında məqalələr dərc olunmuşdur.

2016-cı ilin iyun ayında Bakıda keçiriləcək “Formula 1” avtomobil yarışlarının təşkilində partnyor kimi iştirak edən Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar Klubunu təmsil edən mütəxəssis qrupu, eləcə də Bəhreyn Avtomobil Federasiyasının baş direktoru, Beynəlxalq Könüllülər və Hakimlər Komitəsinin üzvü Əbdüləziz Əl-Zəvadinin başçılıq etdiyi nümayəndə heyəti koordinasiya görüşü keçirmək üçün ölkəmizə bir neçə dəfə səfər etmişdirlər.

Qeyd: Bəhreyndə Azərbaycanın informasiya və mədəniyyət mərkəzləri fəaliyyət göstərmir.

Son yenilənmə tarixi: 06 mart 2016-cı il

 

Arxiv üzrə axtarış