AZƏRBAYCAN - OMAN SULTANLIĞI

İkitərəfli münasibətlərin yaradılması:

Azərbaycanın müstəqilliyini tanıması  - 30.12.1991

AR ilə diplomatik əlaqələrin qurulması  -13.07.1992

AR Prezidentinin 30.09.2009-cu il tarixli Qanununa əsasən Azərbaycanın Omanda Səfirliyi təsis edilmişdir                      

Omanın Türkiyədəki Səfirliyi (iqamətgahı Ankara şəhərində olmaqla) Azərbaycanda akkreditə olunmuşdur

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

1)Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (4 aprel 2005-ci il tarixində Məsqət şəhərində imzalanmışdır).

Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

2013-cü ilin 12 iyul tarixində Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) hərbçilər arasında birinci Dünya Futbol Kubokunda iştirak edən Oman komandasının oyununu izləmək məqsədilə Oman Sultanlığının Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-leytenant Əhmed bin Haris əl-Nabhani Azərbaycana səfər etmişdir. Səfər zamanı o, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşmüşdür.

2013-cü ilin 28 oktyabr - 5 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş neft-qaz istismarı sahəsində ixtisasartırma kursunda Oman Sultanlığının Neft və qaz nazirliyinin əməkdaşı Saif Nasser əl Zaidi iştirak etmişdir.

2014-cü ilin 20 aprel tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rasim Rzayev etimadnaməsini Oman Sultanı Qabus bin Səidə təqdim etmişdir.

2015-ci ilin 20 fevral tarixində “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında hazırlanan “Turne” telesəyahət layihəsinin yaradıcı qrupu Azərbaycan tamaşaçısını xarici ölkələrin mədəni həyatı, adət-ənənələri, görməli yerləri və turzm imkanları ilə tanış etmək məqsədilə Oman Sultalığında çəkilişlər aparmış və üç hissədən ibarət televiziya proqramı hazırlamışdır. 

2015-ci ilin 14-17 sentyabr tarixlərində Azərbaycanın xarici işlər nazirinin müavini cənab Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Oman Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundunda iştirak etmək məqsədilə Oman Sultanlığına səfər etmişdir. Nazir müavini Xələf Xələfov və Oman Xarici İşlər Nazirliyinin diplomatik məsələlər üzrə müavini Əhməd bin Yousef əl-Harsinin həmsədrliyi ilə Oman XİN-in Diplomatik klubunda keçirilmiş siyasi məsləhətləşmələr zamanı iki dost ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, həmçinin ümumi maraq doğuran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Daha sonra Oman Sultanlığı və Azərbaycan Respublikası arasında Siyasi məsləhətləşmələrin 4-cü raundunun Protokolu imzalanmışdır.

Səfər zamanı Xələf Xələfovu AR-in SƏK-dəki və eyni zamanda Omanda akkreditə olunmuş Səfiri Rasim Rzayev müşayiət etmişdir.

Səfər çərçivəsində AR Xarici işlər nazirinin müavini cənab Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Omanın Ticarət və Sənaye nazirinin müavini Mohsen bin Xəmis əl-Baluşi, Mədəniyyət və İrs Nazirinin Mədəniyyət məsələləri üzrə müavini Şeyx Həməd bin Hilal əl-Ma’amari ilə də görüşlər keçirmişdir.

2015-ci ilin 02-04 noyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilmiş ISESKO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransında iştirak etmək məqsədilə AR Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Omana səfər etmişdir.

Konfransda Nazir çıxış edərək noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İSESKO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat vermiş, həmçinin tədbir iştirakçılarını Azərbaycan paytaxtına dəvət etmişdir. Ə.Qarayev Azərbaycan Prezidentinin təşəbbüsü ilə təməli qoyulan “Bakı Prosesi” və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etməsi barədə geniş nitq söyləmişdir. Nazir, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında da iştirakçılara geniş məlumat vermişdir. Mədəniyyət və turizm naziri tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırmış və bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.

Səfər çərçivəsində Ə.Qarayev ilə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni arasında görüş keçirilmişdir. Görüşdə 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının mədəni proqramının təşkil olunması məsələsi müzakirə olunmuşdur.

Nazir Ə.Qarayev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə də görüşmüşdür. Görüşdə iki ölkə arasında mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılmışdır. Görüş zamanı Azərbaycanın mədəniyyət və turizm naziri cari ilin dekabrında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək beynəlxalq kitab sərgisinə dəvət edilmişdir. Konfrans çərçivəsində qurumun fəaliyyətini əks etdirən fotoşəkillərdən və çap məhsullarından ibarət sərgi açılmışdır. Sərginin mədəniyyət paytaxtları bölməsində 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevə verilən xüsusi lövhənin, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən verilən ordenin təqdimatlarını əks etdirən fotoşəkillər yer almış və İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fotoları da öz əksini tapmışdır.

Qeyd: Azərbaycan və Oman arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Hökumətlərarası Müştərək Komissiya fəaliyyət göstərmir.

İqtisadi əməkdaşlıq:

Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında ticarət əlaqələri
(min ABŞ dolları)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

163,8

1709,2

1873,0

1545,4

2013

166,0

4426,0

4592,0

4,260

2014

78,9

20,9

99,8

-58

Mənbə: AR Dövlət Statistika Komitəsi

2014-cü ildə Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

Oman Sultanlığından Azərbaycan Respublikasına idxalda:

Dondurulmuş sakit okean qızılbalığı, digərləri

Dondurulmuş skipçek və ya zolaqlı tunes

Kvarsit

Pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan digər dərman vasitələri

Mərmər, taravertin və alebastrdan abidə və ya tikinti daşları, onlardan məmulatlar, yonulmuş və ya mişarlanmış

Qara metallardan digər mətbəx və yeməkxana məmulatları

Azərbaycan Respublikasından Oman Sultanlığına  ixracda:

İstifadə olunmuş paltarlar

Qara metallardan digər yaylar və vərəqlər

Qara metallardan digər məmulatlar

Aralanmayan əl qayka açarlar

Yer və tunelqazan maşınların hissələri

Xüsusi təyinatlı mexaniki qurğular və maşınların hissələri

Azərbaycanın Oman ilə iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişafı baxımından nəzərə almaq lazımdır ki, bütün Körfəz ərəb dövlətləri, o cümlədən Oman  dünya miqyasında suveren maliyyə resurslarına və tələbkar daxili bazara malikdirlər ki, bu da mövcud demoqrafik inkişaf nəticəsində yaxın iyirmi il ərzində onun ikiqat artmasına gətirib çıxara bilər. Bu baxımdan region ölkələrinin, eləcə də Omanın maliyyə resurslarının Azərbaycana cəlb edilməsi və xüsusilə kənd təsərrüfatı və qida məhsullarının 98%-i idxal edən region ölkələrinə Azərbaycanın qida məhsullarının ixracı üçün lazımınca istifadə olunmasına böyük imkanlar açır. Bu öz növbəsində Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ənənəvi bazarlardan asılılığın azaldılması deməkdir.

Xarici sərmayələr üçün Omanda əlverişli investisiya mühiti mövcuddur.  Neft-qaz, enerji, sənaye, turizm, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələri üzrə birgə müəssisələrin yaradılmasına ehtiyac var.

Respublikamızın Oman ilə münasibətlərin gücləndirilməsi potensialı və mənsub olduğumuz Yaxın Şərq regionunda bizim üçün daha faydalı ola biləcək iqtisadi inteqrasiya potensialı kifayət qədər yüksəkdir. Bu baxımdan, hazırda geo-iqtisadi inkişafın gücləndiyi bir şəraitdə Azərbaycan ilə Oman arasında münasibətlərin bütün sahələrdə gücləndirilməsi məqsədəuyğundur.

Qeyd: Azərbaycan ilə Oman arasında ikitərəfli iqtisadi sazişlər imzalanmamışdır, ticarət nümayəndəlikləri və hər iki tərəfin əsas özəl/dövlət şirkətləri mövcud deyil.

İkitərəfli əməkdaşlığın digər sahələri:

2013-cü ilin 10-12 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Uşaq Məsələləri üzrə Məsul İslam Konfransı Nazirlərin IV Sessiyasında Omanın Sosial inkişaf naziri Şeyx Məhəmməd bin Səid əl Kalbaninin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2014-cü ilin fevral ayının sonunda “Azad Azərbaycan” Müstəqil Tele radio Kompaniyasının tele-səyahət janrındakı “Turne” proqramı Oman Sultanlığında çəkilişlər aparmış və daha sonra üç proqram hazırlayaraq ATV telekanalında yayımlamışdır. 

2014-cü ilin 12 mart tarixində Omanın Xarici İşlər Nazirliyi nəzdində Diplomatik İnstitut tərəfindən “Orta Asiya regionu, tarixi, coğrafiyası, spesifikası, regionun hazırkı durumu və gələcəyi” başlığı altında seminar keçirilmişdir. Seminarda Azərbaycan Diplomatik Akademiyasının Akademik Məsələləri üzrə Prorektoru Anar Vəliyev də iştirak edərək mühazirə ilə çıxış etmişdir.

2014-cü ilin 5-18 iyul tarixlərində keçirilmiş Bakı Yay Enerji Məktəbində Oman Sultanlığının neft şirkətinin nümayəndəsi iştirak etmişdir.

2015-ci ilin 26-27 noyabr tarixlərində Bakıda keçirilmiş İSESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 35-ci iclasında iştirak etmək üçün Oman Sultanlığının Təhsil Nazirliyinin müşaviri Məhəmməd Həmdan Süleyman əl-Tubinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.

Qeyd: Omanda Azərbaycanın informasiya və mədəniyyət mərkəzləri fəaliyyət göstərmir.

Son yenilənmə tarixi: 06 mart 2016-cı il

Arxiv üzrə axtarış