Nikah və doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün tələb olunan sənədlər:

Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uşaqlarının doğumu haqqında qeyd (zərurət olduğu təqdirdə) Səfirliyin konsulluq bölməsi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.                                                                                              

  1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, rezident kartı (iqama))- əsli və surəti;
  2. Valideyinlərin ərizəsi;
  3. Valideynlərin nikah haqqında şəhadətnaməsi - əsli və surəti;
  4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd - əsli; (Uşağın doğum tarixindən bir aydan artıq vaxt keçməmək şərti ilə)

Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin vəfatı ilə bağlı sənədlər və s.) əsasında qeydiyyat işinə məsul şəxs müəyyən edir. Üzrlü hesab edilərsə müvafiq qaydada qeydiyyat aparılır və şəhadətnamə verilir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verə bilər.

https://www.mfa.gov.az/az/category/azerbaycan-respublikasinin-xarici-olkelerdeki-diplomatik-numayendelikleri-ve-konsulluqlari-terefinden-gosterilen-xidmetler/vetendasliq-veziyyeti-aktlarinin-dovlet-qeydiyyati-vvadq

Nikahın qeydə alınması

Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda daimi və ya müvəqqəti yaşayan nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün nikahın qeydə alınması Səfirliyin konsulluq bölməsi tərəfindən həyata keçirilə bilər.

Nikaha daxil olmağı arzu edən vətəndaşlar Səfirliyin konsulluq bölməsinə şəxsən yazılı ərizə təqdim etməlidirlər. Ərizədə nikahın bağlanmasına mane olan halların – nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hər şəxsin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.

Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.

Nikah Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikahı bağlamaqdan imtina edə bilər. Nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.

Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.

Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və maarifləndirməsi işinin təşkili

Son dövrlərdə erkən nikah və qohumlar arasında nikah halları geniş vüsət alıb və bu tendensiyanın yüksələn templə inkişafı xalqın genefonduna vurula biləcək potensial ziyanın qarşısının öncədən alınması məqsədilə müəyyən tədbirlərin görülməsini zəruri edir. Belə halların intensiv fazaya keçid etməsi müxtəlif xəstəliklərlə dünyaya gələn körpələrin sayını mütəmadi olaraq artırmaqdadır. Belə xoşagəlməz hallar isə, öz növbəsində əhali arasında genetik və digər, əlilliklə əlaqəli xəstəliklərin sayında artımların baş verməsinə, o cümlədən bu problemlərdən doğan ailədaxili münaqişələrin, boşanma hallarının silsilə xarakter almasına müsbət təsir göstərməkdədir. Bunun qarşısının alınması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparılmış, habelə bütün maarifləndirmə işlərinə baxmayaraq, radikal mövqedən yanaşan vətəndaşlarının cinayət tərkibi daşıyan əməllərinin qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən mütəmadi qadağalar tətbiq edilməklə bu istiqamətdə müsbət nəticələr əldə olunmuşdur.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə qeydə alınmış hesabatında deyilir ki, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub. Qohumlar arasında nikahlarla bağlı dəqiq statistika mövcud deyil”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Qaydada erkən nikah - 18 yaşadək şəxslə bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdə isə əsasən baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müxtəlif tipli qadağaların tətbiq edilməsi müsbət nəticələr versə də, xalq arasında maarifləndirmə tədbirlərinin intensiv xarakter alması vətəndaşların ailə institutuna yanaşma tərzinin radikal baxışlardan uzaqlaşaraq çağdaş standartlara uyğunlaşdırılmasını xüsusilə təşviq edə bilər. Bu məsələdə də dövlət tərəfindən müxtəlif dövrlərdə müəyyən tənzimləmələr həyata keçirilib.

Erkən nikah hallarının qarşısının alınması məqsədilə yetkinlik yaşını keçmiş övlad sahibi valideynlərin maarifləndirilməsi, erkən nikahın ailədaxili və ailəxarici hansı fəsadlarının olacağı ilə bağlı məlumatlandırılması müvafiq qurumların bu sahədə yerinə yetirə biləcəyi mühüm addım hesab olunur. Həmçinin gənc yaşda övladların ailə həyatında öncə təhsilə, sahib olduqları istedadlara müvafiq olaraq yaradıcı sahələrə yönləndirilməsi həm gənclərin düşüncə dünyasının, həyata baxış tərzinin primitiv səviyyədən uzaqlaşması, həm də ölkə üçün gənc və istedadlı kadrların formalaşması baxımından valideynlərin atmalı olduğu mühüm addımlardan biridir. Valideynlərin və gənclərin bu istiqamətdə maarifləndirilməsi işinin aparılması məqsədilə qurumlar tərəfindən mütəmadi müxtəlif tədbirlər görülür.

Ən azı erkən nikahlar qədər təhlükə mənbəyi olan qohumlar arasında baş tutan nikah halları da müvafiq orqanların nəzəri diqqətində olmalı olan ən ümdə məsələlərdəndir. Bu problem əvvəllər erkən nikahlar qədər diqqətdə saxlanılmasa da, qohumlar arasında bağlanan nikahların cəmiyyətimizdə üz vermiş mənfi nəticələri artıq bu tendensiyanı da dövlət qarşısında dəf edilməli olan başlıca problemlərdən birinə çevirib. Belə ki, bununla bağlı 2024-cü ildə Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik edilməsi haqqında qanun layihəsi təsdiqlənib. Sözügedən qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Nəzərə almağınız xahiş olunur.

 

 

 

Məhkum olub olmamaq haqqında arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Ailə vəziyyəti haqqında arayışın alınması üçün tələb olunan sənədlər

  1. Ərizə
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  3. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Arxiv üzrə axtarış