Konsulluq münasibətləri
Səudiyyə Ərəbistanı Krallığında müvəqqəti yaşayan
Azərbaycan vətəndaşları haqqında qısa məlumat
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı Səfirliyinin konsulluq bölməsində qeydiyyatda duran Azərbaycan Respublikası vətəndaşlarının sayı təqribən 151 nəfərdir. Səfirlik Səudiyyə Ərəbistanından savayı Bəhreyn Krallığı və Oman Sultanlıqlarına da akkreditasiya olunduğu üçün bu ölkələrdə yaşayan həmvətənlərimizlə də sıx əlaqə saxlayaraq onlara lazımi hüquqi və digər yardımlar göstərir.
Səudiyyə Ərəbistanı Krallığı və Bəhreyn Krallığında yaşayan həmvətənlərimiz əsasən tibb, neft-mədən sənayesi, informasiya və kommunikasiya, eləcə də kiçik biznes sahələrdə fəaliyyət göstərirlər. Bundan əlavə Səfirlikdə konsulluq qeydiyyatında duran həmvətənlərimizin bir qismi krallığın bir sıra təhsil müəssisələrindən təhsil alırlar. Səudiyyə Ərəbistanı Krallığının ən böyük tibb müəssisələrində azərbaycanlı həkimlər öz peşəkarlıqları ilə seçilirlər. Onlardan bir neçəsi işlədikləri tibb müəssisəsinin baş həkimi və yaxud digər məsul vəzifələrində çalışırlar. Həmvətənlərimiz əsasən paytaxt Ər-Riyad şəhəri, eləcə də Xobar, Dammam, Ciddə, Mədinə, Qassim kimi böyük şəhərlərdə yaşayırlar.
Krallıqda azərbaycanlıların diaspora təşkilatı fəaliyyət göstərmir. Təşkilatlanma yalnız Səfirlik vasitəsilə həyata keçirilir. İl ərzində Səfirlik tərəfindən təşkil edilən bütün tədbirlərdə həmvətənlərimizin iştirakı təmin olunur, xüsusən də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü Krallıqda yaşayan bütün azərbaycanlılarla həmrəylik və birlik nümayiş etdirmək üçün təntənəli şəkildə qeyd edilir.
Konsulluq münasibətləri
(azərbaycan vətəndaşları üçün)
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı:
Ər-Riyad şəhəri, Uruba, Əmir bin Səud Ədbülrəhman küçəsi 63
İş saatları: 9:00- 16:00
İstirahət günləri: cümə və şənbə günləri
Tel.: (00966) 11 419 2382
Fax.: (00966) 11 419 2260
P.O. Box: 94005
City: Riyadh
Zip code: 11693
Email :riyadh@mission.mfa.gov.az
Web-Site: www.azembassy.org.sa
Səudiyyə Ərəbistanına səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları (Səudiyyə Ərəbistanı Krallığı) səfirlikdən və ya elektron formada viza əldə edə bilərlər.
Ölkədə qalma və hərəkət: Krallıqda daimi və ya müvəqqəti yaşamaq üçün yaşayış icazəsi (iqama) əldə etmək tövsiyə edilir. Daxili İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilən bu sənəd vasitəsilə əcnəbi krallıq daxilində istənilən yerə hərəkət edə bilər. 2015-ci ilin oktyabr ayının 15-dən başlayaraq ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün verilən yeni MUQEEM adlanan kart sistemi tətbiq olunur. Ətraflı məlumat üçün: https://www.eserve.com.sa/muqeem/actions/changeUserLanguage.do
Səudiyyə Ərəbistanında müvəqqəti və ya daimi yaşayan AR vətəndaşları krallıq ərazisini istənilən məqsədlə tərk etmək istəyərkən Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin Pasport İdarəsindən “çıxış və giriş vizası” (exit and re-entry visa) almaları tövsiyə olunur. Bu vizada şəxsin ölkəni tərk etmək və geri qayıtmaq müddətləri qeyd edilir və həmin tarixlərin müddəti keçdiyi təqdirdə vətəndaşın ölkədən çıxmaq və yaxud da ölkəyə qayıtmaq imkanı məhdudlaşdırılır. Giriş-çıxış vizasının etibarlılıq tarixi və digər məlumatları öyrənmək üçün: https://www.eserve.com.sa/VVSWeb/
Əlavə məlumat üçün: www.moi.gov.sa
Sürücülük qaydaları: AR vətəndaşları Səudiyyə Ərəbistanı Krallığı ərazisində Azərbaycan Respublikasının aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında ölkəyə giriş tarixindən etibarən 3 ay müddətində maneəsiz avtomobil idarə edə bilər. 3 aydan sonra şəxs yerli sürücülük vəsiqəsi əldə etməsi tövsiyə olunur.
Heyvanların ölkəyə gətirilməsi və aparılması: Ev heyvanlarının Səudiyyə Ərəbistanına gətirilməsi üçün müəyyən proseduralara əməl edilməlidir:
-Heyvanın baytar qeydiyyat sənədi (peyvənd qeydləri)
-Baytar tərəfindən verilmiş sağlamlıq sənədi (Səudiyyə ərəbistanına giriş tarixinin 30 günü ərzində).
Bu sənədlər Azərbaycanın müvafiq qurumlarında və (ya) Səudiyyə Ərəbistanının ölkəmizdəki Səfirliyində təsdiq edilməsi tövsiyə olunur.
Gömrük qaydaları: Səudiyyə Ərəbistanına səfər edən şəxslərin əksər dünya ölkələrindəki gömrük qaydalarından fərqli olaraq diqqət edəcəyi əsas məsələ spirtli içkilər və donuz mənşəli ərzaqların gətirilməsinə icazə verilməməsidir.
Son yenilənmə tarixi: 10 mart 2016-cı il