Ermənistanın Azərbaycana qarşı təcavüzü
Hərbi xidmət hər bir kişi cinsli vətəndaşın öz ölkəsi üçün yerinə yetirməli olduğu ən ümdə vəzifələrdən biridir. Doğulduğu torpaqda böyüyüb boya başa çatan, o torpağın suyundan içib nemətlərindən kam alan hər bir şəxs yaşadığı torpaqların, lazım gəldikdə, keşiyində dayanmağı bacarmalı, bu uğurda canından keçməkdə tərəddüdə yol verməməlidir. İstənilən şəraitdə vətən keşiyində dayanmaq cəsarətinə malik vətən övladlarının mövcudluğu bir xalqın, dövlətin və ümumi olaraq ölkənin mövcudluğunu təşkil edən başlıca amillər sırasına daxildir. Azərbaycan Respublikası da vətən müdafiəsində sinəsini qürurla gərərək düşmənin mövqeyinə fəxarət hissi ilə baxmağı bacaran oğullardan xali deyil. Vətən qeyrətini çəkmək üçün lazım olan xislətin Azərbaycan övladının qanında, genində mövcud olduğunu Azərbaycan xalqı və dünya ictimaiyyəti 2020-ci ildə baş verən 44 günlük II Qarabağ müharibəsində günbəgün müşahidə elədi. Bu gün də Azərbaycan xalqı həmin qələbənin verdiyi qürur hissi ilə bütün dünyaya məğlubedilməz, prinsipial, istədiyinə nail olmağı bacaran xalq modelini nümayiş etdirməkdədir. Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuzun şücaiəti nəticəsində Qarabağ problemi bu gün problem olaraq mövcud olmasa da, xalqı, pusquda duran və revanşist mövqe göstərməyə davam eləyən düşməndən xəbərdar etmək, bu qəbildən olan maarifləndirmə tədbirləri vasitəsilə yaxın keçmişin onun yaddaşından tamamilə silinməsinin qarşısını almaq Azərbaycan dövlətinin və dövlətçilik siyasətinin başlıca vəzifələrindəndir.
Vətənpərvərlik hissinin heç vaxt korşalmadığı Azərbaycan xalqı bu gün də, müharibənin üzərindən artıq 4 il keçməsinə baxmayaraq, vətənə bağlılıq duyğularını, müdafiəyə hər an hazır olmaq məqsədilə lazım olan motivasiyanı daxilindəki millət sevgisinin təməl prinsipləri ilə formalaşdırıb. Lakin bütün bunlar ölkə daxilindəki təbii proseslərin nəticəsi olduğundan ölkə xaricində fərqli mühit, adət-ənənə, düşüncə tərzi içərisində formalaşan vətəndaşlarımız, xüsusilə gənclərimiz arasında daha fərqli məlumatlandırma, maarifləndirmə proqramının təşkil edilməsi dövrün keşməkeşli məqamında xalqın birliyi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə xaricdə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəlik, səfirlik və baş konsulluqları tərəfindən bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bu qəbildən olan bütün tədbirlər çərçivəsində azərbaycanlı gənclərə hərbi xidmətin əhəmiyyəti barədə dəfələrlə məlumat verilmiş, belə bir müqəddəs fəaliyyətdən yayınmanın necə təəssüf doğuran bir cinayət olduğu onların diqqətinə çatdırılmışdır. Belə mühüm məlumatların daim gənclərin nəzərinə çatdırılması bəzən baş verən xoşagəlməz hadisələrin nəticəsidir. Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Lakin ölkəmizdə təcrübə göstərir ki, vətəndaşların həmin Konstitusiya ilə təsbit edilmiş vəzifələrini yerinə yetirməkdən imtina edərək həqiqi hərbi qulluqdan boyun qaçırma, yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik etmələri halları heç də az deyildir. Hərbi xidmətdən, hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan yayınma Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinin müddəaları ilə cinayət tərkibi yaradaraq vətəndaşın məsuliyyətə cəlb edilməsinə və iddia sübuta yetirildiyi təqdirdə, məhkəmə qaydasında cəzalanmasına gətirib çıxara bilər. Bütün bu təəssüfləndirici halların gələcəkdə yaranmaması məqsədilə qabaqlayıcı tədbirlərin, xüsusilə, ölkə xaricində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri başda olmaqla bütün rəsmi nümayəndəliklərində yerinə yetirilməsi gənclərimizin gələcəyi üçün olduqca zəruridir.
Azərbaycan dünyanın təhsilə və elmə önəm verən digər bir çox sivil ölkələri kimi həyatını təhsil yolundan keçirməyi qarşısına məqsəd qoymuş hər bir vətəndaşının yüksək səviyyəli təhsil alması üçün münasib şəraiti yaradır. Dövlətin yaratdığı bu fürsətdən istifadə edən gənclər istər ölkə daxili, istərsə də xaricində keyfiyyətli təhsil almaq üçün səy göstərirlər. Ölkə xaricində, vətəndən uzaqda təhsil alan tələbələrimizin Azərbaycanın beynəlxalq arenasında tanıdılması, hazırkı siyasi vəziyyətdə, lazım gələrsə, müdafiə edilməsi naminə müvafiq fəaliyyətlərininin göstərilməsinə təşviq edilməsi üçün dövlətimizin xaicdəki qurumları intensiv fəaliyyət göstərməkdədir. Xüsusilə Azərbaycanın əlamətdar günlərində səfirliyimizdə təşkil olunan rəsmi tədbirlər zamanı bundan fürsət kimi istifadə edən əməkdaşlarımız burada təhsil alan gənclərimizdə vətənpərvərlik hissinin kənar, yad təsirlərə məruz qalmasının qarşısını almaq məqsədilə müvafiq təbliğat fəaliyyətləri həyata keçirməkdədir. Bu görüşlər zamanı Cənubi Qafqaz bölgəsində baş verən siyasi proseslərdən irəli gələn bir sıra mənfur qüvvələrin Ermənistanı hərbiləşdirməyə davam etməsi və nəticə etibarilə, vətənəmizi müdafiə etməyə daim hazır olmağımızın zərurəti gənclərimizin diqqətinə çatdırılır. I Qarabağ müharibəsində ölkə daxili və xaricindəki təhsilini yarımçıq qoyub vətənini, doğma yurd-yuvasını son damla qanınadək mənfur düşmən qarşısında müdafiə etmək üçün cəbhəyə yollanan gənclərimizin sayı az olmamışdır. Tarix sübut edir ki, əgər bir daha düşmən revanşist hisslərə qapılıb vətənimizə təcavüz etməyə cəhd göstərərsə, ölkəmizin gəncləri, kimliyindən asılı olmayaraq, yerə qoyduğu silahı yenidən əlinə götürməkdə tərəddüdə qapılmayacaqdır. Biz, Azərbaycanın Səudiyyə Ərəbistanındakı rəsmi nümayəndəliyi qismində gənclərimizlə görüş zamanı dəfələrlə onlardakı bu Azərbaycan sevgisinin şahidi olmuş, vətənin dar günündə, istənilən siyasi, hərbi vəziyyətə uyğun hərəkət etməyin, Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqının təhülkəsiz şəraitdə bərqərar edilməsinə hesablanmış bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirməyin ölkəmizin bütünlüyünü təmin etmək naminə hamının öz qarşısına qoymalı olduğu başlıca prinsip olmasının əhəmiyyətini onların diqqətinə çatdırmışıq. Vətəni bütün təhlükələrdən, həmçinin düşmənin hərbi həmlələrindən qorumaq ilk öncə gələcək nəsillərin dinc şəraitdə yaşamaları üçün mühümdür. Bu ali amal uğrunda əlindən gələni əsirgəməyən azərbaycanlı gənclərin, səfirlik olaraq, daim yanında dayanaraq onların bu istiqamətdə ölkə xaricində fəaliyyət göstərmələrinə kömək edir, Azərbaycan Respublikasının əlamətdar günlərində aktiv şəkildə iştirak etmələri üçün şərait yaradır və xarici ölkənin nümayəndələri qarşısında birliyimizi, xalq olaraq vəhdətimizi daim nümayiş etdirmək naminə səylərimizi əsirgəmirik. Yetkinlik yaşına çatmış və xaricdə təhsil kimi məsuliyyətli yolu seçmiş Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişdirilməsi naminə əlavə təşviqedici tədbirlərə ehtiyac olmasa da, artıq dünya ictimaiyyəti arasındakı təbliğat fəaliyyəti ilə xeyli yol qət etmiş Azərbaycan dövlətinə və onun azərbaycançılıq məfkurəsinə dəstək olmaqda gənclərimizin bariz həvəs nümayiş etdirmələri xaricdəki nümayəndəliklərimizin bu barədə gənclərimizə yardım etmələrini zəruri edən amillərdəndir. Dəfələrlə inzibati binamızda əlamətdar günlər və hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi zamanı istər xarici qonaqların, istər vətəndaşlarımızın, istərsə də gənclərimizin hüzurunda Azərbaycanın keçdiyi ağır və bir o qədər də qürurverici mübarizə yolundan bəhs edilmiş, özünümüdafiə istiqamətində hərbi gücün nə qədər mühüm əhəmiyyət kəsb etməsi gənclərimizə aşılanmışdır. Torpaq uğrunda döyüşməyə hər an hazır olan Azərbaycan oğul və qızlarının daim mövcudluğu və gənclərimizin bu ruhda yetişdirilməsi uğurlu gələcəyin başlıca təyinedici meyarlarındandır.