İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI
1969-cu ilin avqust ayında Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirə şəhərində fövqəladə görüş keçirərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin Zirvə Konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanı Krallığının irəli sürdüyü təklifi qəbul etmişlər.
1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.
Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin I konfransında İƏT Baş Katibliyi təsis edilmişdir.
İKT-nin ilk nizamnaməsi Rabat görüşündən üç il sonra - 1972-ci ilin mart ayında Ciddə şəhərində keçirilmiş Xarici İşlər Nazirlərinin Konfransında qəbul olunmuşdur. Nizamnaməyə əsasən, dövlət və hökumət başçılarının Rabat zirvə toplantısında, xarici işlər nazirlərinin Kəraçi (1970-ci il) və Ciddə (1972-ci il) konfranslarında iştirak etmiş və həmin sənədi imzalamış hər bir dövlət bu təşkilatın üzvü hesab olunmuşdur. 2008-ci ilin 13-14 mart tarixlərində Dakar şəhərində (Seneqal) İKT-nin 11-ci zirvə toplantısında isə yeni nizamnamə qəbul edilmişdir.
28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.
Hazırda 57 dövlət İƏT-ə üzvdür. Bəzi dövlətlər, müsəlman icmaları, habelə bir sıra beynəlxalq və regional təşkilat İƏT yanında müşahidəçi statusa malikdir. Əhalisinin əksəriyyəti müsəlman olan BMT-yə üzv hər bir dövlət İƏT Nizamnaməsinə əməl etmək arzusunu əks etdirən ərizə ilə müraciət etməklə Təşkilata qoşulmaq hüququna malikdir. Bunun üçün İƏT XİN Şurasının qəbul etdiyi meyarlar nəzərə alınmaqla, Şurada konsensus təmin edilməlidir.
İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. BMT Baş Məclisinin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmiş və İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusa malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in Daimi müşahidəçi missiyaları fəaliyyət göstərir.
2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır.
Səudiyyə Ərəbistanın sabiq sosial işlər naziri, İƏT-də Baş məsləhətçi və kabinetin Baş direktoru vəzifəsini tutan Yusif bin Əhməd Əl-Oseymin 17 noyabr 2016-cı iltarixindən etibarən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinin icrasına başlamışdır.
Təşkilatın sonuncu Zirvə Toplantısı 2019-cu ilin 31 may tarixində Məkkə şəhərində keçirilmiş və İslam Zirvə Konfransının sədrliyi Türkiyə Respublikasından Səudiyyə Ərəbistanı Krallığına keçmişdir.
Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.
1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilmişdir.
1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır.
Ümummilli Liderin İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı nəticəsində “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə həmin ildən etibarən ənənəvi olaraq qəbul edilir. Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: “Azərbaycan Respublikasına iqtisadi yardım” (İKT XİN XXII konfransı, 1994-cü il Kasablanka və İKT VII Zirvə konfransı, 1994-cü il Kasablanka) və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” (İKT XİN XXVI konfransı, 1999-cü il Uaqaduquda və İKT IX Zirvə konfransı, 2000-ci il Doha) adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilmişdir.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı altında qətnamənin ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə toplantılarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirak etmiş və dövlət başçısının təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransı keçirilmişdir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.
Bundan əlavə Azərbaycan Respublikasının təşəbbüsü ilə İslam Konfransı Gənclər Forumu (hazırda İslam Əməkdaşlığı Gənclər Forumu adlanır), onun Avrasiya Regional Mərkəzi (İƏGF ARM) və İƏT Əmək Mərkəzi kimi qurumlar yaradılmışdır. İƏGF-nin Avrasiya Regional Mərkəzi 2010-cu ildə təsis edilmiş və artıq Bakı şəhərində fəaliyyət göstərir.İƏT Əmək Mərkəzinin nizamnaməsi isə üzv ölkələr tərəfindən ratifikasiya mərhələsindədir.
İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın aktiv fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü ilə 2009-cu ildə başlanan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 50-dən artıq ölkəsində həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı “soyqırımı aktı” və “insanlığa qarşı cinayət” kimi tanınmışdır.
2013-cü ilin fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Yekun Kommünikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə ilk dəfə olaraq “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi “soyqırım aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınır. Sözügedən bəndə əsasən üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır.
Azərbaycanın 2011-2013-cü illərdə BMT TŞ-yə sədrliyi dövründə, daha dəqiq olaraq 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq “BMT ilə İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas təşkil edilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatı olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gecləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur.
2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Təcavüzünə dair İƏT Təmas Qrupu”nun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer almışdır. Təmas Qrupuna 8 ölkə daxildir (Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası).
2017-ci ilin iyulunda Kotd’İvuarın Abican şəhərində keçirilmiş İƏT XİN Şurasının 44-cü iclasında ilk dəfə olaraq “1992-ci ilin Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilmiş və Xocalı qırğını “müharibə cinayətləri”, “insanlığa qarşı cinayət” və “genosid” kimi tanınaraq, qətiyyətlə pislənilmişdir.
Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı (İslam Konfransı Parlament İttifaqı) ilə əməkdaşlıq mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması” adlı qətnamələr qəbul olunur.
2017-ci ildə İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilmişdir.
2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır.
2018-ci il oktyabr ayında İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
2019-cu ilin 19 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri və orada səsləndirdiyi təxribatçı bəyanatları ilə bağlı İƏT Baş katibi adından Təşkilatın rəsmi internet səhifəsində “OIC Secretary General Expresses Deep Concern over the Recent Statement of Armenian Prime Minister on Nagorno-Karabakh” başlıqlı bəyanat dərc edilmişdir.
2019-cu ilin25-28 noyabr tarixlərində Ciddə şəhərində keçirilmiş İƏT-in yaradılmasının 50 illiyi münasibətilə İƏT-in Qızıl Yubileyində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının nümayəndələri fəal iştirak etmişlər.
2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanatla çıxış etmişdir.
14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) “İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir” (“OIC General Secretariat Condemns Armenia’s Attack On The Tovuz Region in Azerbaijan”) başlıqlı bəyanatla çıxış etmişdir.
28 sentyabr 2020-ci il tarixində İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” başlıqlı bəyanatla çıxış etmişdir.
14 oktyabr 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat yaymışdır.
21 oktyabr 2020-ci il tarixində İƏT “Baş Katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanat vermişdir. Həmin bəyanatda İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə etmişdir.
16 noyabr 2020-ci il tarixində İƏT “İƏT Baş Katibliyi Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında döyüşlərin dayandırılmasını alqışlayır” başlıqlı bəyanatla çıxış etmişdir.
25 fevral 2021-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) "İƏT Baş Katibliyi Xocalı Soyqırımının 29-cu ildönümünü yad edir" ("OIC General Secretariat Commemorates the 29th Anniversary of Khojaly Massacre") başlıqlı bəyanatla çıxış etmişdir. Bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər adlandırılması ilə yanaşı, "soyqırım" ("genocide') kimi adlandırılmışdır.
Rəsmi səfərlər və yüksək səviyyəli görüşlər
24-25 avqust 2015-ci il tarixlərində İƏT Baş katibinin ölkəmizə işğüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində cənab İ.Ə.Mədəni AR Xarici İşlər Naziri tərəfindən qəbul edilmişdir.
03-05 may 2017-ci il tarixində İƏT-in yeni Baş katibi cənab Yusif bin Əhməd Əl-Useymin ölkəmizə rəsmi və işgüzar səfər etmişdir. Səfər zamanı İƏT Baş katibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla, xarici işlər naziri cənab Elmar Məmmədyarov, gənclər və idman naziri cənab Azad Rəhimov və mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə ikitərəfli görüşlər keçirmişdir.
17-18 aprel 2018-ci il tarixində İƏT Baş katibi cənab Yusif Əl-Useymin İslam ölkələri Gənclər və İdman nazirlərinin 4-cü Konfransında iştirak etmək məqsədi ilə ölkəmizə işgüzar səfər etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
02-03 may 2019-cu il tarixində İƏT Baş katibi cənab Yusif Əl-Useymin V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə işgüzar səfər etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
31 may 2019-cu iltarixində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədov iştirak etmişdir.
24 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda işgüzar səfərdə olan İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul etmişdir. Baş katib Azərbaycanın təşkilatın çox mühüm üzvü olduğunu vurğulayaraq, ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd etmişdir.
8 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Baş katib “Dostluq” ordeni ilə təltif olunmuşdur.
8 aprel 2021-ci il tarixində AR xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymini və İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini qəbul etmişdir.