2016-03-03

Ər-Riyad şəhərində yerləşən Kral Feysəl məktəbində “8-ci Beynəlxalq Gün” adlı ənənəvi illik tədbir keçirilmişdir

40-a yaxın səfirlik və SƏK-in dövlət qurumlarının iştirak etdiyi bu tədbirə səfirliyimiz artıq dördüncü dəfədir qatılmışdır.

Ötən illərdə olduğu kimi, bu ilki “8-ci Beynəlxalq Gün”də iştirak edən səfirliklərə ölkələri haqqında materialların (kitab, buklet, broşür, bədii və sənədli filmlər, aksesuarlar, suvenirlər, milli geyimlər və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılmış, həmçinin məktəbdə oxuyan şagirdlər prosesə cəlb edilmişlər.

Ölkəmizi təmsil etmək üçün Kral Feysəl məktəbindən 4 nəfər şagird ayrılmışdır. Tədbirdən bir neçə gün öncə məktəbin riyaziyyat departamentinin əlaqələndiricisi Bill Zahi və şagirdlər ilə səfirlikdə görüş keçirilmişdir. Görüş zamanı tədbirlə bağlı hazırlıq işləri müzakirə edilmiş və şagirdlərin ölkəmiz haqqında maraqlandırdığı sualları cavablandırılmışdır.

Respublikamız üçün ayrılmış stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələri özündə əks etdirən kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur yerlərini, təbiətini və müasir Bakının gözəlliyini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan iqtisadi nailiyyətlər barədə sənədli film, həmçinin məktəbin şagirdləri tərəfindən ölkəmiz haqqında hazırlanmış infoqrafik lövhələr nümayiş etdirilmişdir.

Kral Feysəl məktəbi tərəfindən ölkəmizi təmsil etmək üçün ayrılmış şagirdlər Səfirlik tərəfindən ölkəmizin bayrağını və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının loqosunu özündə əks etdirən sifariş edilmiş köynəkləri geyinərək, tədbirin qonaqlarına Azərbaycan ilə bağlı məlumatlar vermiş, onlara kitab, broşür və s. materiallar paylamışlar.

Tədbir zamanı Səfirliyin birinci katibi Emil Qasımzadə və məktəbin baş direktoru Süleyman əl Freyh xüsusi olaraq hazırlanmış və üzərində Azərbaycan yazılmış tortu kəsmişlər.

Həmçinin tədbir zamanı Kral Feysəl məktəbinin kitabxanasına yerləşdirilməsi üçün məktəbin baş direktoru Süleyman əl Freyhə ölkəmiz haqqında kitablar təqdim olunmuşdur.

Tədbirin sonunda Kral Feysəl məktəbinin baş direktoru iştirakçı səfirliklərin əməkdaşlarına təşəkkür plaketi təqdim etmişdir.

Arxiv üzrə axtarış