Azərbaycan Respublikasının Səudiyyə Əərbistanı Krallığındakı səfiri Rasim Rzayev Krallığın Xarici İşlər Nazirliyinin Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitutunda olmuşdur.
İnstitutun Baş direktoru doktor Əbdülkərim Əl-Dəxeyl səfiri salamlayaraq, onu görüş iştirakçılarına təqdim etmişdir. Baş direktor Azərbaycan Respublikasına səfərini məmnunluqla xatırlayaraq, rəhbərlik etdiyi institutun Azərbaycan Respublikasının müxtəlif elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini vurğulamışdır. Ə.Əl-Dəxeyl rəhbərlik etdiyi institutun dəvəti ilə 27-30 may 2011-ci il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru professor Hafiz Paşayevin Səudiyyə Ərəbistanı Krallığında səfərdə olduğunu və səfər zamanı iki təhsil ocağı arasında əməkdaşlığa dair sənədin imzalandığını bildirmişdir. Baş direktor 06-07 yanvar 2015-ci il tarixlərində Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitunun təşkilatçılığı ilə Ər-Riyadda “Səudiyyə Ərəbistanı, Orta Asiya və Xəzər dənizi ölkələri əlaqələri” mövzusunda seminarın və 03-06 iyun 2015-ci il tarixlərində Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: Müştərək məsələlər” mövzusunda konfransın keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Ə.Əl-Dəxeyl Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə maraqlara xidmət edən qarşılıqlı faydalı əməkdaşlığın rolunu vurğulamış və ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.
Ölkəmiz haqqında səmimi sözlərinə görə baş direktora təşəkkür edən səfir dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin SƏK Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti əsasında 05-07 aprel 2015-ci il tarixlərində Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni dinamizm gətirdiyini və əməkdaşlığın inkişafı üçün geniş üfüqlər açdığını qeyd etmişdir.
İnstitutun hazırlıq proqramları üzrə rəhbəri Xalid bin İbrahim Əl-Əli təhsil ocağının fəaliyyəti haqqında qısaca məlumat verərək, onun Krallığın Xarici İşlər Nazirliyi və digər dövlət qurumları üçün ixtisaslı kadrlar hazırladığını, ölkəsinin xarici dövlətlərdə səfirlərinin və müxtəlif təşkilatlar nəzdində daimi nümayəndələrinin böyük əksəriyyətinin məhz bu institutun məzunları olduğunu diqqətə çatdırmışdır.
Səfir R.Rzayev ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəniyyəti və musiqisi, milli adət-ənənələrimiz, mədəni irsimiz və mətbəximiz, cəmiyyətimizdə mövcud olan tolerantlıq mühiti, habelə Azərbaycanın xarici siyasəti, beynəlxalq aləmdə günü-gündən artan nüfuzu, eləcə də dövlətimizin əldə etdiyi nailiyyətlər və qazandığı uğurlar barədə görüş iştirakçılarına geniş məlumat vermişdir. R.Rzayev gənc səudiyyəli diplomatlarla söhbət etmiş, onlara öz tövsiyələrini vermişdir. Tədbirin sonunda Azərbaycan səfiri görüş iştirakçılarının suallarını cavablandırmış və onlarla xatirə fotoşəkli çəkdirmişdir.
Qeyd etmək lazımdır ki, Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitutu və ADA Universiteti arasında əldə olunmuş razılığa əsasən, 2016-cı ilin mart ayında Bakıda gənc səudiyyəli diplomatlar üçün ixtisaslaşmış kurslar təşkil olunacaqdır.