2016-01-16

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində 20 Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Tədbirə ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, SƏK-də yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak etmişlər.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri Səfir Rasim Rzayev giriş sözü ilə açaraq, 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermiş, bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd etmiş, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsinin cinayətkar Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi olduğunu və bu faciəli günlərdə şəhid olan və yaralananlar arasında azyaşlı uşaqların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktını vurğulamışdır. R.Rzayev baş vermiş faciədən dərhal sonra Ümummilli lider Heydər Əliyevin Moskva şəhərində Azərbaycanın nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırlayaraq, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açmış və 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişdir.

Sonra Səfirliyin müşaviri Ramil İmranov və III katib İmran Sadıqov tədbirdə çıxış edərək, 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından əmin olduqlarını, I katib Samir Məlikli isə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

Həmçinin, SƏK-də daimi yaşayan həkimlər Rüfət Tarıverdiyev, İfrat Bəkirov və Yaşar Vəliyev çıxış edərək, faciə ilə bağlı öz təəssüratları ilə bölüşərək, 20 yanvarın Azərbaycan xalqının tarixində faciəli gün ilə yanaşı əsarətə və zülmə qarşı şərəfli mübarizə günü kimi qalacağını qeyd etmişlər.

Sonda hadisə haqqında “Tarixin bir günü və ya bir günün tarixi – 20 yanvar” sənədli film nümayiş edilmişdir.

Tədbir iştirakçıları Səfirlikdə yaradılmış 20 yanvar 1990-cı il tarixində ölkəmizdə baş vermiş faciəni təsvir edən xüsusi foto guşə və hadisələri əks etdirən materiallar, eləcədə “İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olmuşlar.

20 Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar Səfirlik tərəfdən hazırlanmış press-reliz, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı SƏK XİN-ə, Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilmişdir.

20 Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar “Əl-Cəzirə” qəzetində Səfir Rasim Rzayevin məqaləsi dərc olunmuşdur.

http://www.al-jazirah.com/2016/20160126/du12.htm

Arxiv üzrə axtarış