2016-02-26

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən müxtəlif tədbirlər keçirilmişdir.

İlk olaraq SƏK XİN-ə, İslam Əməkdaşlıq Təşkilatına və Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı və Səfirlik tərəfindən hazırlanmış press-relizin ünvanlanması, İƏT tərəfindən üzv ölkələr arasında müvafiq bəyannamənin yayılması ilə əlaqədar Səfirlik tərəfindən müraciətin edilməsi təşkil olunmuşdur.

Cari ilin 26 fevral tarixində Səfirlikdə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Bununla əlaqədar, Xocalı faciəsini əks etdirən kitab, broşür və fotolardan ibarət guşə yaradılmışdır.

Tədbirə ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların əməkdaşları, SƏK-də yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak etmişlər.

İlk öncə Müqəddəs Quran-i Kərimdən ayələr oxunmuş və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Rasim Rzayev öz çıxışında erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilmələrindən geniş söhbət açaraq, həmin faciə zamanı qətlə yetirilmiş, itkin düşmüş və girov götürülmüş insanlar haqqında rəqəmləri açıqlamış və xalqımıza qarşı törədilən bu cinayətin erməni millətçiləri və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirildiyi bildirmiş, Xocalı soyqırımının törədilməsinə dair siyasi qərarın Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi haqqında faktların mövcudluğunu vurğulayaraq, bu faciəni törədənlərin bir qisminin müəyyənləşdirilməsi və onların beynəlxalq mühakiməyə cəlb edilməsi məqsədilə axtarışın elan edildiyini söyləmişdir.

Sonra Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı oxunmuş, Səfirliyin əməkdaşları və qonaqlar çıxış etmişlər.

Keçirilən tədbir zamanı "Xocalı uşaqların gözü ilə" başlığı altında rəsm sərgisi təşkil olunmuş, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində İslam Konfransı Gənclər Forumu tərəfindən keçirilmiş tədbirlərdən fotoşəkillər nümayiş etdirilmiş və mərasim iştirakçılarına Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar, Xocalı soyqırımı ilə əlaqədar Səfirliyin press-relizi, İKGF Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi xanım Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dair materiallar, və “İRS” jurnalının Xocalı soyqırımına aid xüsusi buraxılış mərasim iştirakçılarına paylanılmışdır.

Sonda Xocalı soyqırımını əks etdirən "Tarixin bir günü və ya bir günün tarixi" adlı sənədli film nümayiş olunmuşdur.

Arxiv üzrə axtarış