2016-04-13

Xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışı

Xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışı

İstanbul, 12-13 aprel 2016-cı il

Cənab Sədr,

Cənab Baş katib,

Zati-Aliləri, Xanımlar və Cənablar,

Mən, qardaş Türkiyə Hökumətinə isti qonaqpərvərliyə və görüşün qüsursuz təşkilinə görə öz səmimi minnətdarlığımı çatdırmaq istərdim. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına Sədrliyə görə Sizi təbrik edirik və bunun yerinə yetirilməsində uğurlar arzu edirik. Biz eyni zamanda Misir Ərəb Respublikasının Sədrliyi dövründə gördüyü görkəmli işləri yüksək qiymətləndiririk.

Həmçinin, İƏT-in dünya boyunca təşviq edilməsində katibliyin fəaliyyətini müdrükcəsinə idarə etdiyinə görə Baş katib Dr.İyad Əl-Mədəniyə təşəkkürümü bildirirəm. 

Hörmətli Həmkarlar,

Təəssüf ki, keçən görüşümüzdən bəri İslam dünyasında ümumi vəziyyətin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bəyan edə bilmərik. Əksinə İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artmışdır. Azərbaycan təkcə viran olmuş şəhərlərə və mülki şəxslərin qətlə yetirilməsinə görə deyil, eyni zamanda uzun müddətli humanitar və qaçqın böhranlarının da daxil olduğu müharibələrin nəticələrinə və bir sıra ölkələrdə baş verən hərbi münaqişələrə görə dərin narahatçılığını ifadə edir.

Azərbaycan Fələstin məsələsinə dair İƏT-in Baş katibi tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirir və qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini bir daha vurğulayır.

Biz İƏT-in islamofobiya qarşı apardığı mübarizəsini təqdir edirik. Zorakı ekstremizm və terrorizmin vurduğu zərbələr bu cür neqativ tendensiyaların mövcudluğunun əsas səbəblərindən biridir. Bu qeyri-insani və pis niyyətli hərəkətlər sülhün və ədalətin düşmənləri tərəfindən həyata keçirilir. Yalnız birgə səylər və həmrəylik nəticəsində belə hallara qarşı səmərəli mübarizə aparıla bilər. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Azərbaycan İslam həmrəyliyini gücləndirən və islamı dəyərlərini təşviq edən ölkə kimi tanınır. Biz gələn il Bakıda İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik və ümid edirik ki, bu, müsəlmanlar arasında birlik həlqələrinin, dostluğun və qardaşlığın gücləndirilməsinə kömək edəcək.

Azərbaycan hər zaman İƏT ilə əlaqələrin inkişafına böyük önəm verib. Son illərdə Bakı İƏT-ə Üzv Dövlətlərin İnkişafında Qadınların Rolu mövzusunda 5-ci Nazirlər Toplantısı və İƏT Əmək Nazirlərinin ikinci Toplantısı kimi bir sıra İƏT tədbirlərinə ev sahibliyi edib. Sonuncu hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin təklifi əsasında Bakıda İƏT Əmək mərkəzinin yaradılması təsdiq edilmişdir. Biz fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz dövründə BMT-nin mənzil qərargahında BMT və İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr edilmiş xüsusi iclas keçirilmişdir. Bİz qəti şəkildə inanırıq ki, bu təcrübə davam etdirilməlidir. Bu bizə İslam dünyasının üzləşdiyi hədə və təhdidlərin ifadə edilməsi üçün əlverişli fürsət yaradır.

Cənab Sədr,

2 aprel 2016-cı ildə Ermənistan atəşkəsi kobud surətdə pozaraq və Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoymuş oldu. Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilmiş və Erməni silahlı qüvvələrinin hücumu dəf edilmişdir. Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı və BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırır.

Fürsətdən istifadə edib, İƏT Baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, həmçinin Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm.

Həmçinin, Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair Kontakt qrupunun yaradılması barəsində bu konfransın qərarını təqdir etmək istərdim. 

Diqqətinizə görə sağ olun!

Arxiv üzrə axtarış