2016-05-10
2016-cı ilin 10 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olması ilə bağlı Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində tədbir keçirilmişdir.
AR-in SƏK-dəki Fövqəladə və Səlahiyyətli Səfiri Rasim Rzayev tədbirdə çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmış, ulu öndərimizin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik siyasət, bu möhtəşəm fəaliyyət nəticəsində hazırda Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması, demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsi, ölkədə dönməz ictimai-siyasi sabitliyə nail olunması, qanunçuluğa təminat verən vətəndaş cəmiyyətinin formalaşdırılması, Azərbaycan üçün, xalqımız üçün, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq, əməkdaşlıq münasibətlərinin inkişafı naminə tarixi xidmətləri barədə fikirlər söyləmişdir. Müəyyənləşdirdiyi siyasi yolun bu gün də etibarlı əllərdə olduğu və uğurla davam etdirildiyi xüsusilə vurğulanmışdır.
Sonra Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olmuşlar.