BU GÜN “FORMULA-1” ÜZRƏ AVROPA QRAN-PRİSİNƏ START VERİLDİ
Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Layihənin müəllifi bütün müasir “Formula-1”treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün “Formula-1”və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də “Formula-1”üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.