İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib
Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Şahmat Olimpiadası hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biridir. FIDE 1927-ci ildə Londonda birinci rəsmi Olimpiadanı (“Olimpiada” adı yalnız 1952-ci ildə təsdiqlənib) təşkil edib. Bundan sonra olimpiadalar İkinci Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilədək uzun fasilə olub. 1950-ci ildən isə olimpiadalar mütəmadi olaraq, hər iki ildən bir keçirilməyə başlayıb. 1927-ci ildən indiyədək 41 Ümumdünya Şahmat Olimpiadası təşkil olunub.
Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir.
Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.
Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.
Kişilərin yarışında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası isə 2705 xalla dördüncü yeri tutur.
Qadınların turnirində isə reytinqə görə lider Çin millisidir – 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir.
Şahmat Olimpiadasının Azərbaycanda yüksək səviyyədə təşkili ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il fevralın 14-də imzaladığı Sərəncama əsasən yaradılan Təşkilat Komitəsi yarışlara hazırlıq işlərini uğurla həyata keçirib. Aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Baku Crystal Hall” bu mötəbər yarış üçün ideal vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən sadələşdirilmiş viza rejimi tətbiq olunub. İdmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.
Dövlətimizin başçısı İlham Əliyevin Olimpiada iştirakçılarına məktubunda əminliklə bildirilir ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaq. Məktubda deyilir ki, Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilib. XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter alıb, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlayıb. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan verib. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılan mühüm addımdır. Bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək.
Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban xanım.
Hörmətli Kirsan Nikolayeviç.
Hörmətli qonaqlar, xanımlar və cənablar, dünyanın ən güclü və adlı-sanlı şahmatçıları.
Bu gün qədim Azərbaycanın paytaxtı Bakı şəhərinə şahmat aləminin ən böyük idman tədbirində - 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün gələn bütün qonaqlara Təşkilat Komitəsi adından “Xoş gəlmisiniz!” deyirəm. Ümidvaram ki, iki həftə ərzində siz şahmat taxtası arxasında mübarizə aparmaqla yanaşı, həm də imkan tapıb şəhərimizi gəzəcək, onun gözəlliyindən ilham alaraq yeni zirvələri fəth edəcəksiniz.
Möhtərəm cənab Prezident, Ümumdünya Şahmat Olimpiadası Təşkilat Komitəsi tərəfindən görülən işlərdən danışmazdan əvvəl, icazə verin, bütün Azərbaycan xalqını və şəxsən Sizi Azərbaycan idmançılarının Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarındakı möhtəşəm çıxışları və tarixi qələbələri münasibətilə təbrik edim. Azərbaycan idmançıları idmanın 17 növündə çıxış edərək 5 növ üzrə 18 medal qazanmış, 207 ölkə arasında medalların sayına görə 15-ci yeri tutmuş və hər bir idmançıya düşən medal sayına görə dünyanın ən effektli komandası olmuşdur. Bu uğur məhz dövlətimizin və Milli Olimpiya Komitəsinin prezidenti kimi şəxsən Sizin idmançılarımıza göstərdiyiniz yüksək diqqət və qayğı nəticəsində əldə edilmişdir. Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut etdi və bu gün start götürəcək Ümumdünya Şahmat Olimpiadası da bu silsiləvi nailiyyətlərimizin bir davamıdır. Bu il bu möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsi üçün 2013-cü ildə Sizin xüsusi Sərəncamınız ilə Şahmat Olimpiadasının Təşkilat Komitəsi yaradılmışdır. İcazə verin, bu dövr ərzində Təşkilat Komitəsi tərəfindən görülmüş işlər haqqında qısa məlumat verim.
Yarışların keçiriləcəyi yer olaraq, əvvəllər “Eurovision” mahnı müsabiqəsinə və ilk Avropa Oyunlarına ev sahibliyi etmiş “Baku Crystal Hall” təyin edilmişdir. Bütün idmançılar və məşqçilər Bakı şəhərinin ən gözəl və yüksək səviyyəli otellərində yerləşdirilmişlər. Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edəcəklər. Yarışları 193 hakim idarə edəcək. Olimpiada ilə yanaşı, sentyabr ayının 4-dən 13-dək Bakı şəhərində, “Fairmont” otelində FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək. Konqresdə FIDE-nin bütün üzv dövlətlərini təmsil edən 359 nümayəndənin və FIDE komissiyalarının 24 sədrinin iştirakı gözlənilir. Ümumdünya Şahmat Olimpiadasında iştirak məqsədilə Azərbaycan Respublikasına gələn qonaqların viza prosedurlarının sadələşdirilməsi ilə bağlı Sizin imzaladığınız Sərəncama əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi viza məntəqələri yaradılmışdır ki, bu da idmançıların ölkəmizə giriş-çıxış işlərini tam rahatlaşdırmışdır.
Hörmətli qonaqlar, Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətləri ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırmışdır. Azərbaycan şahmatının yüksək inkişafının bünövrəsi də məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Xalqın intellektual inkişafında şahmatın çox mühüm əhəmiyyətini yüksək qiymətləndirən və ölkənin beynəlxalq aləmdə tanıdılması işində şahmatın oynaya biləcəyi rolu zamanında layiqincə dəyərləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu bünövrə bu gün öz bəhrəsini verməkdədir. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin təşəbbüsü ilə və ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət sayəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılmış, ölkə şahmatı yüksək səviyyələrə qalxmış, Azərbaycan şahmatçılarının uğurlu çıxışları bir-birini sıralamağa başlamışdır. Bu prosesi bu gün respublikamızın Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Möhtərəm cənab Prezident, Sizin imzaladığınız “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramı dünya ölkələri praktikasında şahmat idman növünün inkişafına yönəldilmiş ilk və yeganə proqramdır. Bu, Azərbaycanda şahmata dövlət səviyyəsində göstərilən qayğının ən bariz nümunəsidir. Bunun qarşısında şahmatçılarımız da öz nailiyyətləri ilə xalqımızı sevindirirlər. Kişilərdən ibarət yığma komandanın 2009-cu və 2013-cü illərdə Avropa çempionu adını, 2007-ci və 2011-ci illərdə Avropa çempionatlarının müvafiq olaraq bürünc və gümüş medallarını qazanmaları, qadın yığmamızın isə 2009-cu ildə Avropa çempionatında dördüncü yerə çıxması, kişilərdən ibarət “SOCAR Azərbaycan” klubunun iki dəfə Avropa çempionu adını və ilk dəfə keçirilmiş şəhərlərarası dünya çempionatında Bakının komandasının gümüş medal qazanması buna əyani sübutdur. İnanırıq ki, şahmatçılarımız bundan sonra da xalqımızı sevindirməyə davam edəcəklər.
Mən Şahmat Olimpiadasının Təşkilat Komitəsi və bütün idmançılar adından, möhtərəm cənab Prezident, Sizə, hörmətli Mehriban xanıma idmançılar üçün yaratdığınız şəraitə, onlara göstərdiyiniz yüksək diqqət və qayğıya görə bir daha dərin təşəkkürümü bildirirəm. Təşkilat Komitəsi adından bildirmək istəyirəm ki, Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsi üçün FIDE-nin bütün tələbləri tam yerinə yetirilmişdir. Biz bu möhtəşəm yarışın keçirilməsinə tam hazırıq. Biz çalışacağıq ki, Bakı Olimpiadası dünya şahmat tarixində ən yaddaqalan tədbirlərdən biri olsun və bütün şahmat həvəskarlarının hafizəsində daim xoş təəssüratla xatırlanan bir şahmat bayramı kimi həkk olunsun.
Bütün yarış iştirakçılarını və qonaqlarımızı bir daha salamlayır və şahmatçılara rəqabətlə dolu mübarizə meydanında müvəffəqiyyətlər arzulayıram. Qoy, güclü qalib gəlsin. Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edərək dedi:
-Hörmətli Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Əziz dostlar.
Mən böyük məmnuniyyətlə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının çox hörmətli qonaqları, oyunçuları və kapitanları, federasiyaların prezidentlərini və nümayəndə heyətlərinin üzvlərini, media nümayəndələrini ürəkdən salamlayıram.
Dörd il bundan əvvəl Bakı şəhəri FIDE tərəfindən şahmat dünyasında ən vacib və ən çox gözlənilən şahmat hadisələrindən biri olan bu böyük tədbirin keçirilməsi üçün ən uyğun şəhər kimi seçilmişdir. Tədbir öz geniş ənənələri ilə çoxlu sayda ölkələri və mədəniyyətləri əhatə edir. Bakı nəinki bütün lazımi infrastruktura, yüksək qonaqpərvərliyə, eyni zamanda, Azərbaycanın mənzərəli və görməli yerlərinə malik bir şəhərdir.
Olimpiadanın keçiriləcəyi məkan eyni dərəcədə çox böyük bir əhəmiyyət kəsb edir. Bu məkan artıq “Eurovision” mahnı müsabiqəsi və eyni zamanda, birinci Avropa Oyunları kimi əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Şübhəsiz ki, bu gözəl məkan – “Baku Crystal Hall” oyunçular üçün çox böyük ruh yüksəkliyinə şərait yaradaraq illərdən bəri iştirak edənlərin yaddaşlarına ən möhtəşəm yarış məkanı kimi həkk olunacaq.
On dörd gün ərzində Bakı dünyada ən əsas şahmat mərkəzi kimi fəaliyyət göstərəcək. Milyonlarla şahmatsevərin diqqəti heyranedici Bakıya yönələcək. Olimpiada ilə yanaşı, FIDE-nin 87-ci Konqresi də Bakıda keçiriləcək. Bu idman növündə nəzərəçarpan dərin irs və verilən töhfələr hələ 1924-cü ildən bəri - FIDE-nin əsasının qoyulduğu andan mövcuddur.
İndi isə bu tədbirdə iştirak edən və əməyi olan hər bir kəsə dərin təşəkkürümü bildirmək istərdim. İcazənizlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan Hökumətinə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Şahmat Federasiyasına, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinə göstərilən dəstəyə görə, eyni zamanda, bütün könüllülərə, media nümayəndələrinə və sponsorlara səmimi qəlbdən öz dərin minnətdarlığımı bildirmək istərdim.
42-ci Ümumdünya Şahmat Olimpiadası start götürməmişdən öncə artıq kişi və qadın komandalarının iştirakçı sayına görə yeni rekorda imza atmışdır. Eyni zamanda, 42-ci Şahmat Olimpiadası və FIDE-nin 87-ci Konqresində iştirakçı qismində təmsil olunan federasiyaların sayına görə də bu Olimpiadanın əsl şahmat bayramı olacağına tam inanıram.
Gens una sumus! - Biz bir ailəyik!
Əlbəttə, dünyanın 188 ölkəsindən olan milyonlarla şahmat həvəskarı üçün bu təntənəli gündə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevi xatırlamamaq olmaz. O, təkcə Azərbaycanda və keçmiş Sovet İttifaqında deyil, dünyanın bir çox ölkələrində şahmatın inkişafına və populyarlaşmasına çox böyük töhfə verib. Heydər Əlirza oğlu uşaqlar arasında şahmatı dəstəkləyirdi. Dünyaya görkəmli şahmatçılar, o cümlədən 13-cü dünya çempionu bəxş etmiş Bakı Şahmat məktəbinin banisi məhz Heydər Əliyev olub. Biz indi də Heydər Əlirza oğlu Əliyevin ənənələrini davam etdiririk. Sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan etdi.
X X X
Açılış mərasiminin təşkilatçısı - Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı olan “Amapola Exclusive Events” şirkəti layihə üzrə tərəfdaşlarla birlikdə tamaşaçılara parlaq video-meppinq proyeksiyaları, milli və müasir rəqslər, 176 nağaraçının müşayiət etdiyi bayraqlar paradından ibarət möhtəşəm və heyrətamiz tamaşa təqdim etdi.
Video-meppinq proyeksiyasında şahmatın yaranması rəngarəng səhnələrlə canlandırılır, şahmat fiqurları ölkəmizin rəmzlərinə və Azərbaycanın görməli yerlərinə çevrilirdi.
Tamaşaçılar improvizə olunmuş şahmat dünyasına “səyahət edərək” Azərbaycan musiqisinin korifeyləri, böyük bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun musiqilərinin sədaları altında canlı ağ və qara fiqurların oyunda qızğın rəqabət və əbədi mübarizə ilə teatrlaşdırılmış rəqs şousunu izlədilər.
Azərbaycanın qədim xalçaçılıq sənəti prosesində yaradılmış “Dünya kimi əbədi oyun” meppinqi Milli Gimnastika Arenasının meydançasını nəhəng rəsm əsərinə çevirdi. Onların canlanmış ornamentləri keçmişimizin və bu günümüzün tarixi və gözəl ənənələrini təcəssüm etdirirdi.
Şahmat Olimpiadasında iştirakçı ölkələrin bayraqları “Biz bir dünyayıq” devizi altında arenaya gətirildi. Bu vaxt səhnə kompleksi Olimpiadanın iştirakçı ölkələrinin sərhəd cizgilərinin əks olunduğu nəhəng xəritəyə çevrildi. Yer Kürəsinin sürətli fırlanması paralel olaraq, coşqun musiqi ritmləri və Azərbaycanın ənənəvi musiqi aləti - nağara zərbələrinin sədaları altında 176 nağaraçının iştirakı ilə bayraqların paradı oldu.
Bütün olimpiadalarda ən həyəcanlı anlardan biri də püşkatmadır. Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, onunla birlikdə qadınlar arasında şahmat üzrə dünya çempionu, çinli qrossmeyster Hou Yifan, keçmiş dünya çempionu, rusiyalı qrossmeyster Vladimir Kramnik içərisində qara və ya ağ fiqurun olduğu imitasiya olunmuş şahmat fiqurunun içərisindən iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən etdilər.
Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatdı.
Həmişəcavan Bakıda əbədi oyun başlayır. Şaquli ekranda şahmat saatı təsvir edilib. Piyada ilk gedişi (Е2-Е4) edir və göstərir ki, qalan gedişləri qrossmeysterlər etməlidir. Saatın düyməsi basılır və bununla da Olimpiada açıq elan edilir.
Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FIDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.
Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.
İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.