Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Ər-Riyadda tədbir keçirilib
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə Ər-Riyadda mərasim keçirib.
Mərasimdə ziyalılar, iş adamları, yerli ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rasim Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, XX əsrin sonunda dövlət müstəqilliyimizin yenidən bərpa edilməsi, həmin dövrdə təcavüzkar Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarının ortaya çıxması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, bu problemin ölkəmizdə yaratdığı böhran, xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, Ulu Öndərimizin tarixi xilaskarlıq missiyası və möhkəm təməl üzərində qurduğu inkişaf strategiyası, bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində qazanılan nailiyyətlər, ölkəmizdə həyata keçirilən çoxistiqamətli islahatlar və onların yüksək nəticələri barədə danışıb.
Azərbaycanın müasir görkəmini, ölkəmizin müxtəlif regionlarının inkişafını, təbiətimizin gözəlliyini və tariximizə aid nadir nümunələri əks etdirən video-çarxlar iştirakçılarda xoş təəssürat yaradıb.
Mərasim ziyafətlə davam edib.