Ər-Riyadda IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərinə dair müzakirələr aparılıb
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfiri Rasim Rzayev bu ölkənin Olimpiya Komitəsinin beynəlxalq əlaqələr üzrə icraçı direktoru şahzadə Xalid bin Bəndər Al Saud ilə görüşüb.
SƏK-in Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilən görüşdə 2017-ci ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunlarına dair müzakirələr aparılıb.
Komitə rəsmisi Azərbaycanın idman sahəsində qazandığı uğurların Səudiyyə Ərəbistanında maraqla izlənildiyini, keçiriləcək növbəti mötəbər tədbirdə ölkəsinin də geniş heyətlə təmsil olunacağını vurğulayıb. O, bu Oyunların İslam ölkələri arasında idman sahəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib. Şahzadə Xalid bin Bəndər Al Saud əminliklə ifadə edib ki, Azərbaycan IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil edərək dünya idman tarixində yeni şərəfli səhifə açacaq.
Səfir R.Rzayev Azərbaycanda IV İslam Həmrəylik Oyunları ilə bağlı hazırlıq işlərinin vəziyyəti, son illər ölkəmizdə yüksək peşəkarlıqla təşkil olunan mötəbər beynəlxalq tədbirlərdən, o cümlədən “Bakı-2015” ilk Avropa Oyunları, futbol üzrə “FIFA U-17” qadınlararası dünya çempionatı, Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadasından bəhs edib. Diplomat Azərbaycanın İslam Həmrəylik Oyunları kimi mötəbər yarışlara ev sahibliyi etməsinin ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Səfir əminliklə qeyd edib ki, bu yarış Azərbaycanın idman şöhrətini daha da artıracaq, ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirəcək.
Görüşdə, həmçinin Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında idman sahəsində əlaqələrin geniş perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.