2016-11-18

Dünya Xəbər Agentliklərinin V Konqresi Səudiyyə Ərəbistanının aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası barədə Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Ər-Riyad“ qəzetində, eləcə də “Saudi Press Agency-SPA” dövlət rəsmi informasiya agentliyinin internet səhifəsində məqalə və məlumatlar yayılıb.

Bu informasiyalarda beynəlxalq media qurumlarının mötəbər tədbirlərinin açılış mərasiminə, Prezident İlham Əliyevin dərin məzmunlu nitqinə geniş yer verilib. Dövlətimizin başçısının bu mötəbər beynəlxalq tədbirlərin əhəmiyyəti, Azərbaycanın müstəqillik dövründə qazandığı böyük nailiyyətlər, söz və mətbuat azadlığı barədə fikirlərinə xüsusi diqqət ayrılıb.

Səudiyyə Ərəbistanının aparıcı KİV-lərində Prezident İlham Əliyevin nitqində toxunduğu digər məqamlar - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən hələ də işğal altıda saxlanılması, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər barədə də bəhs olunub.

Bu materiallar Bakıda keçirilən mötəbər tədbirlər, o cümlədən paytaxtımızın gözəlliyinə əks etdirən fotosessiyalarla müşayiət edilib.

Arxiv üzrə axtarış