Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma yaradılıb - BƏYANAT
“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb.
APA-nın məlumatına görə, bununla bağlı qəbul olunmuş bəyanatda deyilir:
- 2016-cı ilin noyabrın –da Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfransı zamanı Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına qəbul edilmiş birgə bəyanatı nəzərə alaraq (http://apa.az/dagliq_qarabag/azerbaycan-ve-ermenistan-huquq-mudafiecileri-iki-olke-prezidentleri-ve-xalqlarina-muraciet-edib.html);
- Ürək ağrısı ilə 25 ildən çox davam edən, hər iki tərəfdən on minlərlə vətəndaşın qətlinə, yüz minlərlə qaçqın və məcburi köçkünlərə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini qeyd edərək;
- İki tərəfdən gələcəkdə insan itkilərinin qarşısının alınmasının və münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini dərk edərək;
- Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək;
- Münaqişəni Ermənistan və Azərbaycan xalqlarının iradəsi hesabına həll edilməsinin mümkünlüyünü nəzərə alaraq;
- Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək;
- Azərbaycan və Ermənistan xalqlarının öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək müstəqil və suveren Azərbaycan və Ermənistan respublikalarını onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yaratmalarını qəbul edərək;
- Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmət və dəstəyi bir daha qeyd edərək;
- ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi mövcud “status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq;
- BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək;
- Münaqişənin mərhələli həlli və regionda möhkəm sülhün bərqərar olması üçün mühüm başlanğıc olacaq Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonun işğaldan azad edilməsinin vacibliyini qeyd edərək;
- Məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanımaqla;
- Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək;
- Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan və erməni əhalisinin iştirakı ilə yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək;
Aşağıdakılarla razılaşdılar:
- Əsası 2016-cı ilin noyabrın 8-də qoyulmuş sülh təşəbbüsünü davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə pozitiv töhfə vermək üçün “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nı yaratmaq.
- “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma”nın genişləndirilməsi məqsədi ilə Platformanı vətəndaş ictimai institutlar, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşları, habelə onun inkişafına töhfə vermək istəyən digər dövlətlər üçün açıq elan edirik.
- Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq.
- Beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutur.
- Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır.
- Platforma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı ictimai müzakirələrin keçirilməsi üçün təklif və tövsiyələrlə çıxış edəcək.
- Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaq.
- Platforma birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək.
- Platformanın erməni və azərbaycanlı nümayəndələrinin və beynəlxalq tərəfdaşların geniş tərkibdə iştirakı ilə “Sülhə doğru yol” adlı Forum təşkil olunacaq.
- Münaqişə tərəflərini sülhə yaxınlaşdırmaq məqsədi ilə “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı üçün bütün lazımı addımları atacaq.
- “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini təmin etmək məqsədi ilə Katiblik yaradılacaq. Katibliyə hər ölkədən iki həmsədr rəhbərlik edəcək.
- “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın təsis edilməsi haqqında məlumat Azərbaycan və Ermənistan prezidentlərinin, habelə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarının, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırılacaq.
Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.