2017-01-18

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladı, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu dedi.

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edildi.

Arxiv üzrə axtarış