2017-02-08

Azərbaycanın və Səudiyyə Ərəbistanının jurnalistləri medianın İslam həmrəyliyinin gücləndirilməsindəki rolundan danışıblar

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycanın bir qrup jurnalistindən ibarət nümayəndə heyəti “əl-Cəzirə” qəzetinin redaksiyasında nəşrin baş redaktoru Xalid əl-Malik və digər əməkdaşlar ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, “əl-Cəzirə”nin baş redaktoru qəzetin 50 ildə keçdiyi inkişaf yolu, Azərbaycana səfərləri barədə danışıb, ötən ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında iştirak etdiyini diqqətə çatdırıb. O, bu platformanın İslam ölkələri ilə bağlı doğru, dəqiq informasiyaların yayılması işinə daha geniş imkan yaradacağını vurğulayıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda senzuranın ləğvindən sonra medianın sürətli inkişafından, KİV-lərə dövlət dəstəyindən danışıb, ölkəmizdə mövcud olan multikulturalizm mühiti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bu təşəbbüslər İslam dünyasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünün səbəb və nəticələrindən bəhs edən H.Babaoğlu vurğulayıb ki, İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də İslam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Bütün bunlar təkcə münaqişə gedən ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir. İslam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayacaq İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü də Azərbaycana məxsusdur. Bu qurum qloballaşan dünyada İslam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verən nüfuzlu platformaya çevriləcək.

Görüşdə medianın cəmiyyətin inkişafında, ölkələr arasında əlaqələrin genişləndirilməsində, sivilizasiyaların dialoqunda, İslam dünyasında həmrəyliyin gücləndirilməsində rolu ətrafında geniş müzakirələr aparılıb.

Arxiv üzrə axtarış