2017-02-27

Ər-Riyadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə ziyalılar, türkdilli ölkələrin diasporlarının nümayəndələri, iş adamları, bu ölkədə fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri, həmvətənlərimiz və jurnalistlər iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Rasim Rzayev erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən danışıb. Diplomat qeyd edib ki, Ermənistan beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Səfir R.Rzayev Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində soyqırımı kimi tanınması istiqamətində birgə fəaliyyət görülməsinin zəruriliyini vurğulayıb.

Sonra səfirliyin digər əməkdaşları Xocalı soyqırımı barədə fikir və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.

Rəsmi hissədən sonra səfirlikdə “Xocalı uşaqların gözü ilə” başlığı altında rəsm sərgisinə baxış olub.

Sonda Xocalı soyqırımını əks etdirən kitablar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dair materiallar və “İRS” jurnalının bu qətliama aid xüsusi buraxılışı mərasim iştirakçılarına paylanılıb.

Bundan əlavə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) bəyanatı Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman Xarici İşlər nazirliklərinə, o cümlədən Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada yayımlanıb. İslam Əməkdaşlığı Təşkilatının rəsmi internet səhifəsində faciə ilə bağlı yerləşdirilən bəyanatda Baş katib Yusif Əl-Useyminin Xocalı faciəsində həyatını itirmiş bütün insanların xatirəsi ehtiramla yad olunub.

Arxiv üzrə axtarış