2017-03-16

Azərbaycan ilə Bəhreyn beynəlxalq təşkilatlar çərçivəsində sıx və səmərəli əməkdaşlıq edirlər

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Bəhreynə səfəri zamanı bu ölkənin Nümayəndələr Məclisinin sədri Əhməd bin İbrahim Əl-Mulla, nəqliyyat və telekommunikasiya naziri Kamal bin Əhməd Məhəmməd ilə görüşlər keçirib.

Nümayəndələr Məclisinin sədri Ə.Əl-Mulla rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib.

Bəhreynin gün-gündən inkişaf etdiyini və Krallığın turizm ölkəsinə çevrildiyini vurğulayan Rasim Rzayev Azərbaycan və Bəhreyn arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycan ilə Bəhreyn arasında iki sənədin imzalandığını, doqquz sənədin isə imzalanma ərəfəsində olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il fevralın 1-dən etibarən bir sıra ölkələrlə yanaşı, Bəhreyn Krallığının vətəndaşları üçün də ölkəmizə giriş vizasının rəsmiləşdirilməsi prosedurunun asanlaşdırılmasının Azərbaycan-Bəhreyn turizm əlaqələrinə təkan verdiyi vurğulanıb, azərbaycanlı turistlərin də Bəhreynə maraq göstərdiyi diqqətə çatdırılıb.

R.Rzayev Azərbaycan ilə Bəhreynin beynəlxalq təşkilatlar çərçivəsində sıx və səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə Bəhreyn tərəfinə təşəkkürünü bildirib və münaqişə ilə bağlı sədrə ətraflı məlumat verib.

Nəqliyyat və telekommunikasiya naziri Kamal bin Əhməd Məhəmməd ilə görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında hava daşımalarına dair Saziş” layihəsinə baxılması prosesinin sürətləndirilməsi məsələsinə toxunulub, sənədin Bəhreynin xarici işlər naziri şeyx Xalid bin Əhməd Al Xəlifənin Azərbaycana nəzərdə tutulan səfəri zamanı imzalanmasının vacibliyi vurğulanıb, iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsinə ən qısa zamanda başlanılmasına dair fikir mübadiləsi aparılıb.

Nazir daim Azərbaycan ilə bağlı xoş sözlər eşitdiyini deyib, böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəyini vurğulayıb, Azərbaycan və Bəhreyn arasında əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Arxiv üzrə axtarış