2017-05-30

İlham Əliyev Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.

Tamir bin Sübhan Əs-Sübhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Tamir bin Sübhan Əs-Sübhan onların adından qrafikinin gərgin olmasına və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə baxmayaraq, Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə etdi, son dövrdə bir neçə dəfə Bakıda olmasından məmnunluğunu bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkənin rəhbərliyinin bu münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini söylədi. “Biz istəyirik ki, əlaqələrimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxsın”, - deyən Tamir bin Sübhan Əs-Sübhan yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin xalqlarımız arasında səfərlərin artmasını arzuladıqlarını vurğuladı.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanla yenidən görüşməkdən məmnun olduğunu bildirdi. Ərəb-İslam-Amerika Sammitinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, Sammitdən Bakıya qayıdandan sonra bildirib ki, ABŞ Prezidenti Donald Trampın ilk rəsmi səfərini müsəlman ölkəsinə - Səudiyyə Ərəbistanı Krallığına həyata keçirməsi bütün müsəlman aləminə olan hörmətin təzahürüdür. Dövlətimizin başçısı Sammitin çox yaxşı keçdiyini və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu vurğuladı. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunan Prezident İlham Əliyev bu Oyunları müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsi üçün önəmli hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və onun varisinə çatdırmağı xahiş etdi.

Arxiv üzrə axtarış